Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

27 Aprel 2021 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ədalət Bədirxanov

BƏMLƏR İÇİNDƏ

Şair olub, əsər yazmaq bəladır,

Günlərlə dirəşən dəmlər içində.

Adi sözlə məntiq qursan əladır,

Özün dolaşırsan mənlər içində.

***

Söz elə gəlir ki, tutmaq bir azar,

Gələn yazılmasa, olursan bezar.

Birdən qarışaraq olur dərd-azar,

Qalırsan kənarda qəmlər içində.

***

Gəzirsən içinda qələm, dəftərin,

Səni yaman yorur düşüncələrin.

Birdən uzaqlaşır söz mələklərin,

Misrada görünən kəmlər içində.

***

Dünya özü sazlı-sözlü bir bazar,

Hərə bazardakı gördüyün yazar.

Yazanlardan uzaq olsun ahuzar,

Ədalət, düzürsən bəmlər içində.

SƏNİN KİMİYƏM

Saf olana sözüm budur,

Qədərdə sənin kimiyəm.

İnciməyə lüzum yoxdur,

Kədərdə sənin kimiyəm.

***

Cahan çətir, dünya ələk,

Hey baxırsan təzir fələk.

Axşam, səhər əsir külək,

Şəhərdə sənin kimiyəm.

***

Dağları tam aldı duman,

Off, soyudu hava yaman.

Tək Allaha qalıb güman,

Qəhərdə sənin kimiyəm.

***

Qələmin var, dəyərlisən,

İlhamın var, söz əhlisən.

Doğru bilmək istəyirsən?

Yəhərdə sənin kimiyəm.

***

Hər nazımı çəkdi qanan,

Keçdi illər yaxşı, yaman.

Ədalət, çıxarma yaddan,

Dəyərdə sənin kimiyəm!

***

Həyat eşqi səndə varsa,

Bax elə, sənin kimiyəm!

ÜRƏK

Bu qədər həyəcan hardandı səndə,

Gahdan sızıldayıb, vurursan ürək?

Yer tapa bilmirsən yoxsa sinəmdə,

Ya məni məzara qovursan ürək?

***

İmkan ver unudum səni bir anlıq,

Bu halla dünyamı etmə qaranlıq.

Yaman üzür məni bu nigaranlıq,

Məni suallarla yorursan ürək.

***

Kaş hər an eşidim Allahu Əkbər,

Şəhadət kəlməsi dilimdə əzbər.

İnsan yaranandan ölənə qədər,

Fasilə vermədən vurursan ürək.

***

Şairin halına dözdün bu qədər,

Döz hələ, dözümün var isə əgər.

Səninlə yazmışıq bu qədər əsər,

Bəs niyə “duraqmı”, sorursan ürək?

***

Qurunun oduna yanar yaş, asan,

Əməlinlə ad qoyaraq yaşa sən.

El unutmaz, elin üçün yaşasan,

Ədalət dediyin duyursan ürək?

Qüdsiyyə Qocayeva

SƏNSİZ

Sənsiz sürünürəm, yaşamıram ki,

Həyat gözlərimdə sürünən kimi.

Çənə bürünürəm, boğuluram ki,

Sevgi sözlərimdə bürünən kimi.

***

Həsrət aramıza körpü çəkibdi,

Ayrılıq alovu, közü tökübdü.

Bu sevgi qəm səpib, kədər biçibdı,

Zülmət göylərimdə biçilən kimi.

***

Ölüyəm, diriyəm, fərqi varmıdır?

Sevməyin günahı, səhvi xarmıdır?

İlahi, sevginin gözü kormudur?!

Qalıb izlərində dilənən kimi.

ÖZGƏ İMİŞ SƏN DEMƏ

Qaynayırdım, qarışırdım hər kəsə,

Hərə bir cür düşünürmüş, sən demə.

Qapılmışdım könlümdəki həvəsə,

Dünya mənə özgə imiş, sən demə.

***

Sevincimin sonu oldu göz yaşı,

Yaz ömrümə yağdı payız yağışı.

Nə etdim ki, tutdu məni qarğışı?

Dünya mənə özgə imiş, sən demə.

***

Tənə etdi inamıma aldanış,

Yay günlərim çönüb oldu qarlı qış.

Görən tale niyə məni atıbmış?

Dünya mənə özgə imiş, sən demə.

GETDİ

Çətində dostlardı gələn köməyə,

Onlar da zamana qoşuldu, getdi.

Dil açdım dünyaya bir söz deməyə,

Düşdü çən, dumana qoşuldu, getdi.

***

May ayı çiçəklər rəngbərəng olur,

Gözəllik gəncliyə xoş çələng olur.

Bülbültək bağçada ötən çox olur,

Payızda xəzana qoşuldu, getdi.

***

Tufanlı dənizdə adayam indi,

Əsən küləklərdən ürəyim dindi.

Bir saman çöpündən qəlbim sevindi,

Sevgim də hicrana qoşuldu, getdi.