Baloğlan Əşrəfov vəfat etdi-Video
Əməkdar artist Baloğlan Əşrəfov bu gecə vəfat edib.
Oxuməni.az xəbər verir ki, onun 69 yaşı var idi..
Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu.
Allah rəhmət eləsin!
Koronavirusa yoluxan müğənni ölümündən bir neçə saat öncə Redaktor.az-a açıqlama vermişdi.
Özünü pis hiss etdiyini deyən müğənni bunları demişdi:
"Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrafonu ağızlarına tuturlar, biz də eyni mikrafondan istifadə edirik. Nəticədə mən yoluxdum. Bayırdan maska ilə gəldik, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Mən də məcbur çıxartdım”.
Baloğlan Əşrəfov Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.
Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
Videogörüntüləri təqdim edirik:






























































































