Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

29 Aprel 2021 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rahim Üçoğlanlı Rzayev

BU DÜNYA

Könlüm, sanma bibər kimi acıdır,

Deyirlər qaymaqdı, baldı bu dünya.

Kimə sevinc əkir, kimə qəm doğur,

Hər iki nemətdən boldu bu dünya.

***

Sirr yaranıb mayası bir sözdədir,

Xəznəsi dərində, küpü üzdədir.

Bilinmir ceyranın hansı düzdədir,

Bənövşə gizlədən koldu bu dünya.

***

Qafil olsan, qovurmağa sacı var,

Bicəltək baş üçün zərli tacı var.

Milyon harını var, milyard acı var,

Demə ki, qısırdı, duldu bu dünya.

***

Rahim üçün bir ağacdır, zatı yox,

Nə almadır, nə heyvadır adı yox.

Meyvələri ləzzət vermir, dadı yox,

Hələ yetişməyib, kaldı bu dünya!

DE

Canım, qəriblikdə qalıb darıxsan,

Yanıb bağrın başı köz olarmı, de?

Əssə başın üstən həsrətin mehi,

Bir könül ovudan söz olarmı, de?

***

Üz tutub Vətənə, xəyala dalsan,

Buludtək yüklənib qəm ilə dolsan.

Ocağın qaralsa, sönüb qor olsan,

Dərdinə ağlayan göz olarmı, de?

***

Qürbətdə ürəklər şam olub yanır,

Kim dadın bilmirsə çox asan sanır.

Desən üşüyürəm, hər yerim donur,

Görəsən qış dönüb yaz olarmı, de?

***

Rahim naşı düşüb öz yolun azsa,

Düşüb diyar-diyar dünyanı gəzsə.

Hərdən yada salıb bir namə yazsa,

Yarında bu günkü naz olarmı, de?

O TAYDA BİR VƏTƏN QALIB

Qarlı dağlar, yol ver keçim,

O tayda bir Vətən qalıb.

Həsrətinə dözmür ürək,

Dərdi çətən-çətən qalıb.

***

Aç yolunu, keçim gedim,

Hər daşına təzim edim.

Varıb ruhsuz cana yetim,

Ruhu candan edən qalıb.

***

Namərd olma, insaf elə,

Gözüm yaşı dönüb selə.

Əriyirəm gilə-gilə,

Əl boyda bir bədən qalıb.

***

Qoy hayına yetim dağlar,

Qəriblikdə bir el ağlar.

Qəmli-qəmli çəkib ahlar,

Əli göydə bitən qalıb.

Sevil Gül Nur

ÇIXA

Ömrə varan ağrılar,

Qəlbi yoran ağrılar.

Ruhu saran ağrılar,

Canından hərdən çıxa.

***

Nə gözünə nəm gələ,

Nə könlünə qəm gələ.

Ürəyə bir dəm gələ,

Dərddən, kədərdən çıxa.

***

Sevinc elə nur saça,

Gülümsəyə künc-bucaq.

Xoşbəxtlik adlı qaçaq,

Bir anda yerdən çıxa.

***

Uzandıqca təkliyin,

Sıxar səni çəkdiyin.

Yoluna göz dikdiyin,

Yoluna birdən çıxa.

***

Ya da bir tufan qopa,

Təb sənə doğru çapa.

Hissin də məqam tapa,

Heyfin şeirdən çıxa.

SEVİRƏM AYRILIQLARI

Göylər bulud gözün kədərlə sıxıb,

Yağış damcılayır bax ağır-ağır.

Yenə yolumuza ayrılıq çıxıb,

Yenə yolumuza həsrətlər yağır.

***

Elə bil görmürəm səni min ildir,

Səninçün göynəyir burnumun ucu.

Ayrılıq mənimçün ölüm deyildir,

Ayrılıq mənimçün sevginin gücü.

***

Gəl sən də içindən darıx, əzizim,

Qəlbində bir az da sevgi boy atsın.

Bu eşqin qəmini çək həzin-həzin,

Sevincə dönərək geri qayıtsın.

***

Bu hicran odunda bir az da üşü,

Bir az çox isinir sevgilər onda.

Qəm yemə, araya ayrılıq düşüb,

Düz yola aparır döngələr sonda.

***

Bu da məhəbbətin kiçik sirridir,

Hərdənbir aradan çəkər hasarı.

Ayrılıq vüsala ümid yeridir,

Onunçun sevirəm ayrılıqları.

YAR OLMAYAN BƏXT

Ömrə ağ yazılan günüm olmadı,

Qaraya bürünmüş nəhs günə düşdüm.

Həyatda düz gələn yönüm olmadı,

Hayana fırlandım, tərs yönə düşdüm.

***

Hədəfi sayıldım nalənin, ahın,

Mürgülü səadət haraylayarkən.

Yadına düşmədim bir yol Allahın,

Hamıya növbəylə bəxt paylayarkən.

***

Nə yerim bilindi, nə adım oldu,

Xoş ömür yazdığı söz kitabında.

Qələmmi qırıldı, vərəqmi doldu,

Məni qeyd etmədi öz kitabında?

***

Rəbbim gün yazanda bəndələrinə,

İki söz işlətdi: Bəxtiyar olsun!

İlk sözü bölərək çatanda mənə,

Qələmə əmr etdi: Bəxti yar olsun!