İsveçdə pravoslav kilsəsi Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir

İsveçdə pravoslav kilsəsi Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir

12 Noyabr 16:38
Bəyəndim (2) Bəyənmədim (0)


İsveçdə fəallar Vesteros şəhərində yeni tikilmiş pravoslav kilsəsinin casusluq üçün istifadə olunduğundan şübhələnməyə başlayıblar. “Politico” yazır ki, onun hava limanına, sutəmizləyici qurğulara və enerji şirkətlərinə yaxın olması səbəbindən narahatlıq yaranıb.
"Kilsə həm Vesteros hava limanı, həm də böyük enerji şirkətləri şəklində sənaye sektoru haqqında məlumat toplamaq üçün istifadə edilə bilən potensial istinad nöqtəsidir. İsveç Müdafiə Qüvvələri iyun ayında olduğu kimi hava limanında və ya yaxınlığında təlimlər keçirdikdə, onlar kilsənin ehtimal olunan müşahidəsi altında olurlar”, - İsveç Müdafiə Universitetinin Rusiya siyasəti üzrə eksperti Markus Yoransson bildirib.
Fevral ayında İsveç Dövlət Təhlükəsizlik Xidməti (Säpo) İsveçdəki Rus Pravoslav Kilsəsinin nümayəndələrini Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham edib. “Euronews” xəbər verir ki, bu səbəbdən İsveçin Dini İcmalara Dəstək Agentliyi kilsəni maliyyələşdirməyi dayandırıb.
Həmçinin qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti əvvəlcə yerli bələdiyyəyə tikintiyə icazədən imtina etməyi tövsiyə edib, lakin buna baxmayaraq, məbəd tikilib.
Kilsə özü Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq şübhələrini rədd edib və hətta bunu “absurd” adlandırıb. Belə ki, Rus Pravoslav Kilsəsinin Xarici Kilsə Əlaqələri Departamentinin sədr müavini, protoierey Nikolay Lişenyuk bildirib ki, İsveçin Vesteros şəhərində yerləşən Tanrı Anasının Kazan ikonası kilsəsinə qarşı "casusluq ehtimalı" ittihamlarının "absurd və böhtan" olduğunu söylədi.
130 min nəfər əhalisi olan Vesteros şəhəri Stokholmdan 100 kilometr qərbdə yerləşir.
Almaz Həsənli