Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovmağa söz verib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində sahibkar İlon Maskı “həqiqətən pis adam” adlandırıb. O, yanvarın 20-nə planlaşdırılan yeni dövlət başçısının andiçmə mərasiminə qədər biznesmeni Ağ Evdən “qovmağa” çalışacağını bildirib.
O, Maskı “texnofeodalizm” tərəfdarı hesab edir. Keçmiş respublikaçı müşaviri iş adamına vətəni Cənubi Afrikaya qayıtmağı tövsiyə edərək, Tesla qurucusunun yeganə məqsədinin “trilyonçu olmaq” olduğunu vurğulayıb.
Biznesmen respublikaçıların seçki kampaniyasına 250 milyon dollardan çox pul xərcləyib. O, Trampın xarici liderlərlə telefon danışıqlarında da iştirak edib və medianın yazdığına görə, yeni administrasiyanın formalaşmasına təsir edir. Mənbələr Maskın bu proseslərdə hədsiz fəal iştirakına görə siyasətçinin komandasında narazılıqdan danışıblar. 2024-cü ilin sonlarında The New York Times, Maskın Florida ştatında Donald Trampın Mar-a-Laqo malikanəsinin ərazisindəki icarəyə götürülmüş kotteclərdən birində yaşadığını yazmışdı.
Oxuməni.az