Pakistanın baş naziri Azərbaycana səfər edəcək
Pakistanın baş naziri Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək.
Bu barədə “The News International” məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Pakistan Mərkəzi Asiyaya baxış siyasətinə uyğun olaraq Mərkəzi Asiya dövlətləri ilə əlaqələri genişləndirməyə və Qafqazın mühüm ölkələri ilə əlaqələri gücləndirməyə fəal çalışır. Bu strategiyadan sonra baş nazir bu səfərləri Azərbaycan və Özbəkistana həyata keçirəcək.
Baş naziri bu səfərdə baş nazirin müavini, xarici işlər naziri, senator Məhəmməd İshaq Dar və bir sıra federal nazirlər müşayiət edəcək. Nümayəndə heyətinin tərkibinə biznes ictimaiyyətinin nümayəndələri də daxil olacaq.
Nəşr qeyd edir ki, Şahbaz yeddi aydan az müddətdə Bakıya üçüncü dəfə səfər edəcək.
Səfər zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı tənzimləyən bir sıra sazişlərin imzalanacağı gözlənilir.
Almaz Həsənli