Ermənistan ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib
Ermənistan hökuməti yanvarın 9-da keçirdiyi iclasda ölkənin Avropa İttifaqına daxil olması prosesinin təşəbbüskarı olan qanun layihəsini təsdiqləyib. Bu barədə “Armenia News” məlumat yayıb.
Xarici işlər naziri Ararat Mirzoyan sənədi təqdim edərək, onun növbəti müzakirə üçün Milli Assambleyaya təqdim olunacağını qeyd edib. Mirzoyan vurğulayıb ki, Ermənistanla Aİ arasında son illərdə münasibətlər “intensiv və dinamik” xarakter alıb və Avropa İttifaqı respublikanın iqtisadi sabitliyini dəstəkləməyə hazır olduğunu bildirib.
Baş nazir Nikol Paşinyan aydınlıq gətirib ki, qanun layihəsi Ermənistanın dərhal Aİ-yə üzvlüyü demək deyil.
“Bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər. Qanun qəbul edildikdən sonra biz Aİ ilə onların təsəvvür etdiyi və bizim təsəvvür etdiyimiz yol xəritəsini müzakirə etməliyik,”-o bildirib.
Sentyabrda Ermənistan və Avropa İttifaqı Ermənistan vətəndaşlarının qısamüddətli səfərləri üçün vizasız rejimlə bağlı danışıqlara başlayıb. Aİ şərtləri arasında sərhəd nəzarəti, miqrasiya, korrupsiya ilə mübarizə və insan hüquqlarına hörmət sahəsində islahatların adı çəkilir.
Oktyabrda Avropa Parlamentində çıxış edən Paşinyan Avropa İttifaqını Ermənistan hökumətinin islahatlarını dəstəkləyən “əsas tərəfdaş” adlandırıb. O, Ermənistanın Aİ ilə əməkdaşlığı mümkün qədər dərinləşdirməyə hazır olduğunu bəyan edib.
Almaz Həsənli