Dəməşq beynəlxalq uçuşları bərpa edir
Bəşər Əsəd rejiminin süqutundan sonra ilk dəfə olaraq Dəməşq hava limanı beynəlxalq reysləri qəbul edib və göndərməyə başlayıb.
“AFP” müxbirlərinin bildirdiyinə görə, “Syrian Airlines”a məxsus Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinə uçan təyyarə yerli vaxtla saat 11:45 radələrində havaya qalxdı və dekabrın 8-dən bu yana hava limanından ilk beynəlxalq kommersiya uçuşu oldu.
Dekabrın 8-də Əsəd tərəfdarı olan hərbçilərin hava limanını tərk etməsindən sonra ilk daxili uçuş dekabrın 18-də Dəməşqdən Hələbə olan uçuş olub.
Həmin gündən ölkəyə beynəlxalq humanitar yardım və xarici diplomatik nümayəndə heyətləri olan təyyarələr gəlməyə başlayıb.
İndi “Syrian Airlines” Dəməşqdən BƏƏ-yə uçuşlara başlayır və “Qatar Airways” keçən həftə son 13 ildə ilk dəfə olaraq həftədə üç uçuş tezliyi ilə Suriya paytaxtına uçuşları bərpa etdiyini elan etdi.
Müxalifət qüvvələrinin Dəməşqi azad etməsi və Əsəd rejimini ildırım hücumu ilə devirməsi ilə nəticələnən hakimiyyətin keçidindən sonra ölkənin infrastrukturunun yenidən qurulması səyləri davam edərkən beynəlxalq uçuşların geri qaytarılması mühüm addımdır.
Almaz Həsənli