ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edib

ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edib

7 Yanvar 10:52
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Suriyanın keçid hökumətinin nümayəndələrinə ölkədə maliyyə fəaliyyətini genişləndirmək üçün ümumi lisenziya verib. “Reuters” bu barədə bazar ertəsi, yanvarın 6-da Amerika hakimiyyətinin müvafiq qətnaməsinə istinadən məlumat yayıb. "Birləşmiş Ştatlar humanitar yardım axınını asanlaşdırmaq məqsədilə Suriyada Bəşər Əsədin hakimiyyətinin bitməsindən sonra altı ay müddətinə dövlət qurumları ilə əməliyyatlar üçün sanksiyalardan azadolma tətbiq edib", - deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, baş lisenziya iyulun 7-dək “müəyyən enerji əməliyyatları və Suriyaya şəxsi pul köçürmələri”nə icazə verir. Bununla belə, “bu qərar heç bir sanksiyanı ləğv etməyib”, - deyə aydınlaşdırırlar. Hazırda Suriyada ciddi elektrik çatışmazlığı yaşanır - ölkənin əksər bölgələrində elektrik enerjisi gündə üç saata qədər verilir. "Müvəqqəti hökumət deyir ki, o, iki ay ərzində gündə səkkiz saata qədər elektrik enerjisi verməyi hədəfləyir", - “Reuters” yazır.

Öz növbəsində, ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu addım “sanksiyaların elektrik enerjisi, enerji, su və kanalizasiya təminatı daxil olmaqla bütün Suriya ərazisində əsas xidmətlərin göstərilməsinə və hökumət funksiyalarının davamlılığına mane olmamasını təmin etməkdir”. Tədbirlərin yumşaldılması üçün ayrılan altı ay ərzində "ABŞ hökuməti hadisələri yerlərdə izləməyə davam edəcək". Vaşinqton ölkənin yeni hakimiyyətlərinin istiqaməti ilə bağlı aydınlıq gözləyir və xüsusilə Dəməşqin qadınların və etnik azlıqların hüquqları ilə bağlı verdiyi vədlərə əməl edəcəyinə zəmanət axtarır.

Almaz Həsənli