Tarixdə ilk dəfə qadın Vatikanın qubernatoru olacaq
Papa Fransisk rahibə Raffaella Petrininin mart ayında Vatikana qubernator təyin ediləcəyini açıqlayıb. O, bu vəzifəni tutan ilk qadın olacaq, “Vatican News” yazır.
Roma Papası bu niyyətini İtaliyanın “Nove” telekanalında “Che tempo che fa” verilişinin efirində açıqlayıb. Raffaella Petrini 2021-ci ildən Vatikan Dövləti Qubernatorluğunun baş katibidir.
Vatikanda qadınlara verilən rollardan danışan Fransisk, "Qadınlar bizdən daha yaxşı iş görür" deyə vurğulayıb.
55 yaşlı Petrini 2021-ci ildən bu vəzifədə olan 79 yaşlı kardinal Fernando Verqes Alsaqanın yerinə keçəcək. Rahibə 1929-cu ildən bəri qubernatorluğun altıncı sədri olacaq.
Qubernator vəzifəsini tutan şəxs faktiki olaraq dövlətin hökumət başçısıdır və baş nazir səlahiyyətlərinə malikdir, həmçinin Papa adından Vatikanı idarə edir.
Almaz Həsənli