
BƏƏ ABŞ-dan 1,32 milyard dollara hərbi helikopter və avadanlıq alacaq
ABŞ Dövlət Departamenti BƏƏ-yə 1,32 milyard dollar dəyərində hərbi nəqliyyat helikopterlərinin satışını təsdiqləyib.
Pentaqonun məlumatına görə, ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə 6 CH-47F Chinook hərbi-nəqliyyat helikopteri və müvafiq avadanlığı 1,32 milyard dollara tədarük etməyə razılaşıb.
Sövdələşməyə yanacaq çənləri, elektrik stansiyaları, naviqasiya sistemləri, raket xəbərdarlığı sistemləri, pulemyotlar, proqram təminatı və rabitə avadanlıqlarının tədarükü daxildir. Pentaqonun məlumatına görə, saziş BƏƏ-nin müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
Mayın 12-də Amerikanın “Axios” portalı adı açıqlanmayan rəsmilərə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinə səfəri zamanı ümumi dəyəri 1 trilyon dollar olan bir sıra sazişlər imzalamağı planlaşdırır. Portalın məlumatına görə, Səudiyyə Ərəbistanında Ağ Ev rəhbəri silah tədarükü ilə bağlı müqavilələr imzalamağı, həmçinin enerji və minerallar sektorunda sövdələşmələr bağlamağı planlaşdırır. Müqavilələrin ümumi məbləği 100 milyard dollar təşkil edəcək, jurnalistlər qeyd ediblər.
Əziz Mustafa, Oxuməni.az