Türkiyə və Böyük Britaniya arasında "Typhoon" qırıcı təyyarələrinin alınması üçün 10,7 milyard dollarlıq müqavilə imzalanıb
Türkiyə Böyük Britaniya ilə 8 milyard funt sterlinqə (10,7 milyard dollar) 20 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıb. Bu barədə Ankarada səfərdə olan Böyük Britaniya Baş naziri Keir Starmerin ofisi tərəfindən yayımlanan açıqlamada bildirilib.
Bu, 2017-ci ildən bəri Böyük Britaniyada istehsal olunan qırıcı təyyarələr üçün ilk müqavilə və son 20 ildə bu sektorda ən böyük müqavilədir. Dauninq Strit aydınlıq gətirib ki, müqavilənin Böyük Britaniyada 20.000 iş yerini dəstəkləməsi gözlənilir. İlk təyyarələrin 2030-cu ildə çatdırılması planlaşdırılır.
İyul ayında Financial Times qəzeti Unite həmkarlar ittifaqının nümayəndəsinə istinadən bildirib ki, sifariş çatışmazlığı səbəbindən Böyük Britaniyada Eurofighter Typhoon qırıcı təyyarələrinin istehsalı dayandırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Ankarada keçirilən mətbuat konfransında çıxış edən Böyük Britaniyanın baş naziri, qırıcı təyyarə müqaviləsinin əsasını təşkil edən "gücləndirilmiş strateji tərəfdaşlıq"ın qurulduğunu elan edib. Starmer deyib: "Bu, NATO ölkələrinin təhlükəsizliyini gücləndirəcək, ikitərəfli müdafiə əməkdaşlığımızı dərinləşdirəcək və həm burada, həm də Böyük Britaniyada iqtisadi artımı artıracaq".
Əziz Mustafa


















































































