Çin startapı DeepSeek qlobal süni intellekt bazarlarında güc balansını dəyişib

Çin startapı DeepSeek qlobal süni intellekt bazarlarında güc balansını dəyişib

28 Yanvar 12:02
Bəyəndim (2) Bəyənmədim (0)


Çin startapı DeepSeek-in süni intellekt üzrə köməkçisi bazar ertəsi rəqibi ChatGPT-ni keçərək ABŞ-da Apple App Store-da mövcud olan ən yüksək reytinqli pulsuz proqram oldu.
Bu barədə “Reuters” xəbər verir.
Hançjouda yerləşən Çin süni intellekt startapı DeepSeek, performans baxımından OpenAI ilə müqayisə oluna bilən, lakin xeyli az xərc və enerji sərfiyyatı tələb edən süni intellekt modellərini nümayiş etdirməklə Silikon Vadisi və Uoll Striti heyrətə gətirdi.
Keçən həftə, 2023-cü ildə Lyan Venfen tərəfindən qurulan şirkət, açıq mənbəli DeepSeek-R1 modelinin nəticələrini açıqladı. Startapın məlumatına görə, ən son modellərdən birinin hazırlanması 5,6 milyon dollara başa gəlir, amerikalı rəqiblər isə qabaqcıl Nvidia çiplərini almaqla oxşar modellərin hazırlanmasına on milyardlarla dollar xərcləyirlər.
DeepSeek-in nailiyyətləri ilə bağlı xəbərlər qlobal fond bazarlarında çaxnaşma yaradıb. Yanvarın 27-də Nasdaq, Dow Jones və S&P 500 fyuçersləri investorların bahalı çiplərə tələbin mümkün azalması ilə bağlı narahatlıqları səbəbindən ucuzlaşmağa başladı.
DeepSeek açıq mənbəli süni intellekt modellərinin işlənib hazırlanmasında ixtisaslaşıb və bütün dünyada tərtibatçılara öz texnologiyasından istifadə etmək və təkmilləşdirmək imkanı verir. Ən son dil modelləri, DeepSeek-R1-Zero və DeepSeek-R1, OpenAI və Meta-nın ən müasir həlləri ilə müqayisə edilə bilən imkanları nümayiş etdirir.
Maraqlıdır ki, DeepSeek-V3 əsasında hazırlanmış mobil proqram qısa müddətdə App Store-da lider mövqe tutdu və yeni istifadəçilərin axını səbəbindən startapın veb-saytı müvəqqəti olaraq həddindən artıq yükləndi.
OpenAI və Meta kimi böyük rəqiblərdən fərqli olaraq, DeepSeek daha yığcam həllərdən istifadə edir: modellərin hazırlanması üçün cəmi 2000 Nvidia GPU istifadə edilib. Bu, on minlərlə çipdən ibarət klasterlərdən istifadə edən Amerika şirkətlərininkindən xeyli aşağıdır.
DeepSeek-in yaranması süni intellekt tərtibatçıları üçün ən böyük GPU tədarükçüsü olan Nvidia-nın mövqeyini zəiflədə, daha sərfəli və enerjiyə qənaət edən texnologiyaların inkişafını sürətləndirə bilər.
DeepSeek-in uğuru həmçinin Çinə qabaqcıl texnologiya axınının qarşısını almaq məqsədi daşıyan ABŞ-ın ixrac məhdudiyyətlərinin effektivliyi ilə bağlı suallar doğurur. Bayden administrasiyasının qabaqcıl çiplərə çıxışı məhdudlaşdırmaq səylərinə baxmayaraq, DeepSeek mövcud texnologiyadan istifadə edərək əhəmiyyətli addımlar ata bildi.
DeepSeek startapı qlobal texnoloji ictimaiyyətin diqqətini cəlb etməkdə davam edir və süni intellektin təkcə böyük büdcələrlə deyil, həm də səmərəlilik və innovasiyaya diqqət yetirməklə inkişaf etdirilə biləcəyinin simvoluna çevrilir.
Almaz Həsənli