1920-ci il xəritələri ilə Azərbaycana qaytarılmalı olan ərazilər: tarixi faktlar

1920-ci il xəritələri ilə Azərbaycana qaytarılmalı olan ərazilər: tarixi faktlar

28 Dekabr 2021 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Əziz müəllim, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı müzakirələr gedir. Ermənistan tərəfi 1920-ci illərin xəritəsi üzərində dayandıqlarını açıqlayıb. Bəs Azərbaycan tərəfini qane edən xəritələr hansı dövrü əhatə edə bilər?

- Sovet hakimiyyətinin ilk illərində Zəngəzurun iki yerə bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi. Bununla da ermənilər Azərbaycanın tarixi torpaqları olan Zəngəzur mahalının qərb hissəsini mənimsədilər. Düşünürəm ki, 1920-ci ilin xəritələri eyni zamanda hər iki tərəfi qane edəcək xəritələr olmalıdır. Çünki sovet hakimiyyətinin bütün dövrü ərzində ermənilər qanunsuz olaraq Azərbaycanın ərazilərini mənimsəyib. 1929-ci ilin fevralın 18-də Cəbrayıl qəzasından 3, Naxçıvandan 9 kənd ermənilərə güzəştə gedilib. Ona görə də, 1920-ci il xəritələri əsasında delimitasiya olacağı təqdirdə həmin ərazilər Azərbaycana qaytarılmalıdır. Bundan əlavə sovet dövründə ermənilər Azərbaycanın digər ərazilərini də Moskvanın əli ilə qeyri-qanuni olaraq ələ keçirib. 1984-cü ildə Qazaxdan 5 min hektara qədər ərazi qanunsuz olaraq ermənilərə təhvil verilib. Ona görə də, mən 1920-ci illərin xəritəsi əsasında delimitasiya və demarkasiyanın aparılmasının tərəfdarıyam. Bu bizim üçün qaneedici bir seçim ola bilər.

- 1950-ci ildə xəritələr Bakıda çap edildiyinə görə Ermənistan əraziləri kiçildilib iddiaları nə dərəcədə doğrudur?

- 1950-ci illərdə sovet dövrünə aid xəritələrin Bakıda çap edilməsi və Ermənistan ərazilərinin az göstərilməsi ilə bağlı iddialar əsassızdır. 1920-ci ildə tərtib edilən xəritələr, eyni zamanda 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Azərbaycanla Ermənistan arasındakı sərhədlər müəyyənləşib. Sözsüz ki, erməni tərəfinin fantaziyaları həmişə çox olub. Amma hər bir halda bütün variantlarda 1920-21-ci illərdə tərtib edilən xəritələr bizim üçün daha məqbuldur.

- Delimitasiya məsələsində hər iki tərəf hansı illərin xəritəsi üzərində dayana bilər?

- Əsas delimitasiya məsələsidir. Bu proses dəqiqləşəndən sonra keçid məntəqələri, harada punktların qoyulması məsələləri isə texniki işlərdir. Bunu delimitasiyadakı qərarlar özü nizamlayacaq. Ona görə də, bu prosesin elə də uzun çəkəcəyini söyləmək olmaz. Çünki Azərbyacanın güclü iradəsi ortadadır. Bu gün ölkəmiz bölgədə yeni bir reallıq yaratmış dövlətdir. Hər kəsin də bu reallığa uyğun davranması tələb edən tərəf Azərbaycandır. Ona görə də, demarkasiya məsələsinin uzanacağı ilə bağlı ciddi bir əsas yoxdur.

- Paşinyanın Qarabağın taleyinin Azərbaycan Konstitusiyasından asılı olduğunu deməsi qarşı tərəfin iddialarından imtinası kimi də başa düşülə bilərmi?

- Bu gün ermənilərin başqa bir seçimi yoxdur. Prezident İlham Əliyev də müharibədən sonra Azərbaycanın qəti mövqeyini bütün tərəflərə çatdırdı. Bu, erməni tərəfinin iddia etdiyi “statusla” bağlı idi. Dövlət başçısı “statusun” yerini hər kəsə göstərdi. Ona görə də, erməni tərəfi bu məsələ ilə hesablaşmaq məcburiyyətindədir. Artıq Ermənistan hakimiyyəti də bu reallığı öz cəmiyyətinə aşılamaqdadır. Ermənilərin bir xalq, dövlət olaraq Cənubi Qafqazda qalıb-qalmamaq məsələsi məhz Azərbaycanla normal münasibətlər yaratmasından asılıdır.