"KTMT kontingentinin yeridilməsi bizim üçün rüsvayçılıqdır!" - "Hansısa siyasi oyun gedirdi..."

"KTMT kontingentinin yeridilməsi bizim üçün rüsvayçılıqdır!" - "Hansısa siyasi oyun gedirdi..."

7 Yanvar 2022 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə prezidenti Kasım-Jomart Tokayevin xahişi ilə artıq KTMT sülhməramlı kontingentinin yeridildiyi Qazaxıstanda vəziyyət gərgin olaraq qalır. Toqquşmalar nəticəsində ölənlərin sayı ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. Telefon rabitəsi və internet qeyri-sabit işləyir, bir çox şəhərlərin sakinləri evlərindən çıxmağa qorxurlar.

Qazaxıstanda nə baş verib və davam edir? Niyə sosial etiraz quldurluğa və zorakılığa çevrildi? Qazaxıstanın Ekologiya partiyası “Baytak”ın sədri (yeri gəlmişkən, Ekologiya partiyasının fəxri sədri qazaxıstanlı ictimai xadim, şair, yazıçı, diplomat və ədəbiyyatşünas Oljas Süleymenovdur.

Oxuməni.az mövzu ilə bağlı Qazaxıstan prezidenti yanında İctimai Etimad Milli Şuranın keçmiş üzvü Azamatxan Amirtayın oxu.az-a müsahibəsini oxucularına təqdim edir:

- Təkcə sosial yox, həm də ölkədəki siyasi böhran günahkardır. Ötən ilki parlament seçkiləri ilə bağlı xalq narazılığı var. Deputatlar partiya siyahıları ilə seçilib, eyni zamanda, ölkədə qeydiyyatdan keçmiş siyasi təşkilatların sayı 6-dan çox deyil. Qazaxıstanda 12 milyon seçici var və cəmi iki milyona yaxını partiya üzvüdür. Belə çıxır ki, 10 milyon partiyasız insan öz hüquqlarını itirib. Bu, keçən il danışdığımız kimi, siyasi böhrana səbəb olmalı idi.

Xalqın küçələrə çıxacağı, mitinqlər olacağı bəlli idi, çünki Məclisdə, məslixətlərdə (yerli şuralarda - red.) xalqın çoxluğunun nümayəndəsi yox idi. İndi Qazaxıstanın bütün bölgələrində mitinqlər, nümayişlər keçirilir.

Biz azad ölkədə yaşayırıq, bu o deməkdir ki, bütün insanlar öz namizədinə səs vermək hüququna malik olmalı, bununla da dövlətin inkişafına öz töhfələrini verməlidirlər. Mən Qazaxıstan Ekologiya partiyasının lideriyəm. Son illər biz doqquz dəfə qeydiyyatdan keçməyə cəhd etmişik, sənədləri Ədliyyə Nazirliyinə vermişik və həmişə rədd cavabı almışıq. Soruşacaqsınız ki, niyə? Çox sadədir, biz oliqarxlarla bağlı deyilik və insanlarla işləməkdə qərarlıyıq.

Hakimiyyət hesab edirdi ki, gücü, pulu var. Amma insanlar ayağa qalxanda mənzərə dəyişdi. Amma xalqla ünsiyyətdə olan, eyni zamanda, parlamentdə öz deputatları olan qeydə alınmış siyasi qüvvə tapılmadı. Kompromis təklif edən yoxdur.

İndiki etirazlar kortəbii xarakter daşıyır, xaotik şəkildə yaranıb, təşkilatçılar, liderlər yoxdur. Və belə halda vəziyyət dövlət üçün çətinləşir.

Daha sonra sosial məsələlər gəlir. Qazaxıstan öz resurslarına görə dünyanın ən zəngin ölkələrindən biridir. Neft və xammaldan gələn gəlirlər haradadır? Niyə sahibkarlıq inkişaf etmir, xalq isə yoxsulluq içərisindədir? Hakimiyyət ölkənin maraqlarına uyğun olmayan qərarlar verdi.

Əvvəlcə Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqını yadınıza salın. Bu nəyə gətirib çıxardı? Kiçik biznesimizi öldürdülər. Gəlin hansısa şərti məhsulu götürək - Rusiya və Belarus onu kütləvi şəkildə istehsal edir, gəlin onu 100 rəqəmi ilə qeyd edək. Qazaxıstan isə cəmi 10 ədəd istehsal edir, çünki əhalinin sayı Rusiya və Belarusun cəmindən xeyli azdır.

Təbii ki, bizim əsas dəyərimiz daha baha olacaq və Rusiya məhsulu gələndə isə rəqabətədavamlılığı ilə bazarı fəth edir. Bizim şirkətlərimiz isə bağlanır, insanlar isə çöldə qalır. Bəs onlar ailələri üçün necə pul qazanmalıdırlar? Dövlət bu barədə düşünmürdü.

Sosial bərabərsizlik yaranıb: bir tərəfdə çox zəngin insanlar, digər tərəfdən isə çox kasıb insanlar. Banklar müflis olur, insanlar investisiyalarını itirir, oliqarxlar isə rahat-rahat Avropada yaşayır. Bütün bunlar bu gün baş verənlərə gətirib çıxardı.

- Bəs iğtişaşlar və qırğınlar haqqında nə demək olar, çünki aydındır ki, bu, artıq dinc etiraz deyil? Qazaxıstan niyə soyqırımçıların və talançıların öhdəsindən təkbaşına gələ bilmədi? Almatı şəhərinin demək olar ki, yarısı yandırıldı və qarət edildi və yalnız bundan sonra rəsmi Nur-Sultan KTMT-dən sülhməramlıları dəvət etdi...

- Mən bunu başa düşmürəm! Bizim ordumuz, polisimiz var. Təkcə 200 000-dən çox polis var! Onlar harada idilər?

Görünür, hansısa siyasi oyun gedirdi, çünki əvvəlcə Qərbi Qazaxıstanda hər şey dinc aksiya kimi başladı. Amma bəzi təxribatçılar meydana çıxdı. Onlar kimlərdir, onların arxasında kim dayanır?

Mənə elə gəlir ki, bu oliqarxların oyunudur, pul savaşıdır. Onlarla milyarderimiz, çox zəngin insanımız var. Onlar müəyyən fayda istəyirlər və milyonlarla dolları zorakı etirazlara ayırmağa hazırdırlar. Axı dünyada Qazaxıstanda baş verənləri görürlər.

- Bəlkə də ən vacib sual: Sizcə, etirazları dayandırmaq, növbəti iğtişaşların qarşısını almaq necə mümkündür?

- İlk növbədə, yerli şuralarla – məslixətlarla birlikdə lazımsız parlament dərhal buraxılmalıdır. Onları xalq seçməyib və ona görə də dinləmirlər.

Bundan sonra, növbədənkənar parlament seçkilərinin tarixini təyin etmək artıq mümkündür, lakin yeni şərtlərlə. Səsvermə indi qeydə alınmış lazımsız partiyaların siyahısına görə olmamalıdır. Bütün insanların seçim hüququ olmalıdır. Və xalq parlamenti vəziyyəti tarazlaşdırmağa kömək edəcək.

Prezident Kasım-Jomart Tokayev xalq üçün siyasi islahatlara getməsə, etiraz əhval-ruhiyyəsi səngiməyəcək.

- Bəs KTMT qoşunlarının yeridilməsi kömək etməyəcək?

- KTMT neçə hərbçi gətirir? Bir neçə min? Qazaxıstanda 18 milyondan çox insan yaşayır. Təkcə Almatıda üç milyona yaxın əhali var.

KTMT kontingentinin yeridilməsi bizim üçün rüsvayçılıqdır! Və qonşu dövlətlərə Qazaxıstanın daxili işlərinə qarışmaq o qədər də sərfəli deyil. Qazaxlar türkdilli, müsəlman və çox qürurlu xalqdır. Bizim əsasımız Altın Ordadır (Qızıl Orda-red.).

Yaxşı, tutaq ki, onlar (KTMT kontingenti) gəlib bir müddət qaldılar, amma bu, böyük səhvdir. Etiraz edən insanların vəziyyəti siyasi yolla həll edə biləcək liderləri yoxdur və buna dövlət siyasəti səbəb olub. Bəs o zaman insanları necə dayandırmaq, onlara necə çatmaq olar? Ona görə də təkrar edirəm, prezident Kasım-Jomart Tokayev sərt siyasi islahatlar aparmalı və ilk növbədə parlamenti buraxmalıdır. Başqa yol yoxdur.