Zərdüşt Əlizadə: "Başqa bir dövləti nüvə silahı ilə təhdid edən şəxs, siyasətçi çox əxlaqsız adamdır"

Zərdüşt Əlizadə: "Başqa bir dövləti nüvə silahı ilə təhdid edən şəxs, siyasətçi çox əxlaqsız adamdır"

28 Aprel 2022 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Putin özünü o qədər qəddar, dəlisov aparır ki, onun növbəti addımlarını proqnozlaşdırmaq çətindir. Bu gün Rusiyanın əlində nüvə silahı var. Tək onun deyil, Britaniya, ABŞ, İsrail, Hindistan, Pakistan, Şimali Koreya kimi ölkələrində nüvə silahları var. Bu gün dünyanı, başqa bir dövləti nüvə silahı ilə təhdid edən şəxs, siyasətçi çox əxlaqsız adamdır. Bunun başqa adı yoxdur. 3-cü dünya müharibəsi başlasa, bu nüvə müharibəsinə çevriləcək. Nüvə silahından istifadə isə bəşəriyyətin sonu deməkdir. Təəssüf ki, rus xalqının böyük əksəriyyəti Putinin cinayətlərini ya dəstəkləyirlər, ya da çox laqeyd yanaşırlar. Ona görə də, Qərb hesab edir ki, Putinin ağılsız qərarlarının bədəlini bütün ruslar bölüşməlidir. Ona görə də, rusları Avropadan uzaqlaşdırmaq istəyirlər .Avropa oradakı ruslara deyir ki, gedin ölkənizə Putinin işğalçı siyasətinə etiraz edin, onu inadından döndərin. Təəssüf ki, rus cəmiyyəti xəstədir. Onlar Putinin mənasız ərazi qələbələri ilə öyünürlər.

Oxuməni.az politoloq Zərdüşt Əlizadənin Gündəm.az-a müsahibəsini oxucularına təqdim edir :

– Zərdüşt bəy, Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanla bağlı suala cavab olaraq bildirib ki, Prezident Əliyev həmişə Ukraynanı dəstəkləyib, humanitar və tibbi yardımlar olub. Amma sonra əlavə edib ki, biz daha çox şey gözləyirik. Bəzi siyasətçilər hesab edirlər ki, Zelenskinin bu fikirləri siyasi davranışdan və diplomatik etikadan kənardır. Siz necə düşünürsünüz?

– Mən belə düşünmürəm. Siz suda boğulan adamı düşünün. Hər kəsdən kömək istəyir. Ukrayna dünyanın ikinci ən güclü ordusuna malik olan dövlətilə vuruşur. Zelenskinin hər kəsdən kömək umması təbiidir. Amma Azərbaycan ehtiyatlı olmalıdır. Biz gücümüz çatan köməklikləri etmişik. Bir neçə dəfə Ukraynaya hümanitar yardımlar göndərmişik. Ötən gün də Sumqayıt şəhərindən Ukraynaya yardım göndərildi. Azərbaycanlılar Ukraynada Rusiyaya qarşı döyüşürlər, yaralanırlar, şəhid olurlar. SOCAR Ukraynada təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin edir. Əlimizdən gələni edirik. Biz gedib Ukraynada döyüşə bilmərik axı. Guya bu günə qədər hansı ölkə Ukraynaya ordu göndərib? O boyda Avropa dövlətləri, ABŞ, NATO müharibədə iştirakdan imtina edir. Azərbaycan müharibədən qabaq Ukraynaya təmir üçün iki ədəd MiQ-29 qırıcı təyyarəsi vermişdi. Onlar Lvovdakı təyyarə təmiri zavodunda idilər. Əgər ruslar həmin zavodu vurmayıblarsa, yəqin ki, Ukrayna ordusu həmin MiQ-29-lardan istifadə edib. Müharibədən qabaq Ukraynaya MiQ-29 qırıcılarının göndərilməsi diplomatik məharətdir. Azərbaycan Prezidenti bilirdi ki, Rusiya Ukraynaya hücum edəcək. Ona görə də biz qırıcılarımızı təmir üçün Ukraynaya göndərdik. İndi ukraynalıların ondan istifadə edib-etməməsi onların öz işləridir. Ağıllı siyasətçilər addımlarını ehtiyatla atırlar. Ağılsızlar isə “Biz Ukraynaya MiQ-29 qırıcılarını göndərdik ki, Rusiyanın mövqelərini vursun” deyə hər kəsə car çəkirlər. Rusiya da buna cavab olaraq Bakıya 3 dənə raket atır. Paytaxtımız məhv olur.

– Azərbaycandan yardım gözləyən Ukrayna nə üçün 44 günlük müharibə zamanı Azərbaycanı dəstəkləmirdi?

– Rusiya Ukrayna ərazisini işğal edəndən sonra rəsmi Kiyevin xarici siyasətində dəyişiklik oldu. Onlar artıq Qarabağın da Rusiyanın köməkliyi ilə ermənilər tərəfindən işğal olunduğunu bəyan etdilər. 44 günlük müharibədə Ukraynanın Azərbaycana dəstəyinə gəldikdə isə onlar bizə mənəvi və siyasi dəstək veriblər. O zaman bizim Ukraynanın dəstəyinə o qədər də ehtiyacımız yox idi. Ordumuz güclü idi. Türkiyə bizi açıq şəkildə dəstəkləyirdi. Biz üstün tərəf idik. Amma bu gün Ukraynanın durumu fərqlidir. Onlar boğulurlar. Açıq şəkildə dünyadan dəstək, hərbi yardımlar istəyirlər.

– Rusiya Prezidenti Vladimir Putin Qanunvericilər Şurasının iclasında bildirib ki, əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək və strateji təhlükə yaratmaq istəsə, o zaman zərbələr ildırım sürətində olacaq. Sizcə, Rusiyanın bu imkanları varmı?

– Təəssüf ki, Rusiya prezidenti Putin özünü o qədər qəddar, dəlisov aparır ki, onun növbəti addımlarını proqnozlaşdırmaq çətindir. Bu gün Rusiyanın əlində nüvə silahı var. Tək onun deyil, Britaniya, ABŞ, İsrail, Hindistan, Pakistan, Şimali Koreya kimi ölkələrində nüvə silahları var. Bu gün dünyanı, başqa bir dövləti nüvə silahı ilə təhdid edən şəxs, siyasətçi çox əxlaqsız adamdır. Bunun başqa adı yoxdur. 3-cü dünya müharibəsi başlasa, bu nüvə müharibəsinə çevriləcək. Nüvə silahından istifadə isə bəşəriyyətin sonu deməkdir. Təəssüf ki, rus xalqının böyük əksəriyyəti Putinin cinayətlərini ya dəstəkləyirlər, ya da çox laqeyd yanaşırlar. Ona görə də, Qərb hesab edir ki, Putinin ağılsız qərarlarının bədəlini bütün ruslar bölüşməlidir. Ona görə də, rusları Avropadan uzaqlaşdırmaq istəyirlər.Avropa oradakı ruslara deyir ki, gedin ölkənizə Putinin işğalçı siyasətinə etiraz edin, onu inadından döndərin. Təəssüf ki, rus cəmiyyəti xəstədir. Onlar Putinin mənasız ərazi qələbələri ilə öyünürlər.

– Ötən gün AŞPA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Erkin Qədirli Ukraynanı dəstəkləyən çıxış edib. Onun rusiyalı deputat Mixail Delyaginin “Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər və hətta istifadə etməlidir” fikrini səsləndirməsi iclasda maraqla qarşılanıb. Erkin bəyin bu çıxışını necə qiymətləndirirsiniz?

– Erkin Qədirlini 20 ildir ki, tanıyıram. Həmişə də çıxışlarını maraqla dinləyirəm. Parlamentdəki 125 deputatdan təxminən 110-u savadsızdır, deputat mandatından şəxsi məqsədləri üçün istifadə edirlər. 10-15 savadlı deputatımız var ki, onlardan biri də Erkin Qədirlidir. O, Azərbaycan xalqının sərvətidir. Erkinin AŞPA-nın plenar iclasındakı çıxışı çox təsirli və savadlı idi. Avropalı deputatlar da onu diqqətlə dinləyirdilər. Plenar iclasda Ukrayna lehinə qəbul edilən qətnaməyə Azərbaycan nümayəndə heyətindən tək Erkin bəy səs verdi. Bu onu göstərir ki, Erkin Qədirli doğru yoldadır və doğru yerdədir.