“Rusiyaya qarşı elə sanksiyalar tətbiq edilib ki, bu ölkə artıq nəfəs ala bilmir”

“Rusiyaya qarşı elə sanksiyalar tətbiq edilib ki, bu ölkə artıq nəfəs ala bilmir”

24 May 2022 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

Fikrət Sadıqov: “Artıq bu savaş uzunmüddətli münaqişəyə çevrilib”

“Ukraynanın mövqeyi daha da güclənəcək”

Donbasda ağır döyüşlər davam edir. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusu bir neçə istiqamətdə hücum cəhdlərini davam etdirir. Ukrayna ordusu mümkün qədər hücumları dəf edir. Hətta mütəxəssislər yaxın zamanda Ukrayna qoşunlarının əks-hücum əməliyyatına başlayacağını ehtimal edirlər.

Oxuməni.az sabiq diplomat, professor Fikrət Sadıqovun Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Fikrət müəllim, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin üç ayı tamam olur. Hazırda əsas döyüşlər Donbasda və Xarkov istiqamətində müşahidə olunur. Sizcə, bu günlərdə müharibənin hansı mərhələsi yaşanır və perspektiv necə görünür?

- İndi bizim gördüyümüz odur ki, Rusiya Ukraynada öz məqsədlərinə nail ola bilməyib. Ruslar hesab edirdilər ki, “xüsusi əməliyyat” qısa müddət ərzində uğurla başa çatacaq. Amma rerallıq budur ki, heç bir böyük şəhəri işğal edə bilməyibər. Əlbəttə, mən Mariupolu və Xersonu saymıram. Bu şəhərlər sadəcə, nəzarət altındadırlar. Düşünürəm ki, əsas məqsəd bu deyildi.

Məsələnin ikinci tərəfi odur ki, Ukrayna ciddi müqavimət göstərir və belə də davam edəcək. Eyni zamanda, məlum oldu ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq dəstək paketinə imza atıb. Bu maliyyənin 50 faizi müasir silahlara sərf ediləcək. Digər hissəsi əsasən humanitar, maddi köməklik, dava-dərman üçün sərf ediləcək. Görünən odur ki, perspektivdə Ukraynanın mövqeyi daha da güclənəcək. Belə nəticə çıxarmaq olar ki, bu müharibə, münaqişə davam edəcək və onun sonu hələlik görünmür.

- Qərbdən Ukraynaya ciddi dəstək verilir. Buna rəğmən bəzi məntəqələr rus ordusunun nəzarətindədir. Rusların indi əsas hədəfi Donbasın inzibati sərhədlərinə çıxmaq və regionu tam nəzarətə almaqdır. Rus ordusunun bu məqsədə nail olması nə dərəcədə realdır?

- Donbasın müəyyən hissəsi rusların nəzarəti altındadır. Luqanskın böyük hissəsi, Donetskinsə müəyyən əraziləri rusların əlindədir. Amma unutmayaq ki, rusların əsas məqsədi bu deyildi. Əsas məqsəd, daha doğrusu səsləndirilən məqsəd NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq idi, çünki bu, Rusiya üçün müəyyən təhlükələr yaradırdı. Hər halda Rusiya tərəfi bu məqamı gündəmə gətirirdi. Məncə, ruslar belə düşünürdülər ki, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına asanlıqla son verəcək və Ukraynanı bir neçə gün ərzində işğal edəcəklər. Bu halda NATO da geri çəkiləcək. Lakin reallıq bundan ibarətdir ki, Finlandiya və İsveç də NATO-ya daxil olmaq üzrədir. Eləcə də Ukraynanın özü Qərb ölkələri tərəfindən ciddi şəkildə silhlandırılır. Xüsusilə, ABŞ tərəfindən. Bununla paralel Rusiyaya qarşı elə sanksiyalar tətbiq edilib ki, bu ölkə artıq nəfəs ala bilmir. Ehtimal edirəm ki, bütün bu məqamlar öncədən nəzərə alınmadan Moskva tərəfindən qərarlar qəbul edilib. Yəqin, Rusiyada ehtimal edirdilər ki, Ukrayna Çeçenistandır, Ukraynanı da Çeçenistan kimi götürəcəklər, nəzarəti ələ alacaqlar və bununla da məsələ bitəcək. Amma alınmadı. Ukraynanın 46 milyona qədər əhalisi var və onlar güclü şəkildə müqavimət göstərirlər. Hesab edirəm ki, müqavimət davam edəcək.

- Ehtimal olunur ki, Ukrayna ordusu qısa müddətdən sonra əks-hücuma keçəcək, hazırda ağır silahların ölkəyə çatdırılmasını gözləyirlər. Hərbçi olmasanız da, bunu necə görürsünüz, Ukraynanın əks-hücum imkanları varmı?

- Əks-hücum haqqında danışarkən bir məqamı xüsusilə diqqətə almağımız vacibdir. Ukrayna ordusunun öz vətənini müdafiə etmək gücü var. Bu, fevralın 24-də başlayan müharibədə hiss edildi. Ukrayna ordusu Kiyev, Xarkov və Çerniqov kimi şəhərlərə rus ordusunun daxil olmasına imkan vermədi. Digər tərəfdən, ukraynalılarda böyük iradə hiss edilir. Üçüncü amil isə dünyanın aparıcı ölkələrinin Ukraynaya dəstəyidir. Xüsusilə, hərbi-texniki dəstəkdir. Ukrayna ordusu artıq müasir texnika ilə silahlanır və məlum oldu ki, Ukraynada NATO-nun təlimatçıları çoxdan işləyiblər, orduya müəyyən dəstək veriblər. Bu amillərin məcmusu ona dəlalət edir ki, Rusiya Ukraynanı işğal edə bilməyəcək. Mümkündür ki, ruslar Donbasda müəyyən mövqeləri möhkəmlətsin, Luqansk və Donetskdə otursunlar. Amma bundan o yana gedə bilməyəcəklər. Çünki ukraynalılar Qərbin köməyi ilə silahlanır və inanmıram ki, Rusiya onların müqavimətini asanlıqla qıra bilsin.

- Sizcə, bu savaş uzunmüddətli müharibəyə çevriləcəkmi, əgər çeviriləcəksə tərəflərin imkan və resursları hansı ana qədər bəs edəcək?

- Bu, mürəkkəb məsələdir. İş ondadır ki, artıq bu savaş uzunmüddətli münaqişəyə çevrilib. Qeyd edim ki, ilkin dövrlərdə ruslar bunu heç müharibə adlandırmır, adını “xüsusi əməliyyat” qoyurdular. Onlar elə bilirdilər ki, qısa müddətdə hər şey bitəcək. Amma alınmadı. Tam əks proseslər baş verdi. Mən hesab edirəm ki, onlar gec-tez dayanacaqlar.

- Ruslarmı?

- Bəli. Çünki bir müddət əvvəl Müdafiə naziri Sergey Şoyqu bəyanatla çıxış etdi, bildirdi ki, guya əməliyyatın birinci fazası sona çatıb və onlar ikinci fazaya keçir. Mən bunu belə oxuyuram: Ukraynaya geniş miqyasda nəzarət etmək alınmadı. İkinci fazada məqsəd Donetsk və Luqansk separatçı rejimlərini müdafiə etmək, Krıma quru yolu açmaqdır. Məncə, indi bu, Rusiyanın əsas hədəfidir. Düşünmürəm ki, bu müharibə çox çəksin. Çünki müharibənin ilk fazasında müşahidə olunan aktivlik indi yoxdur. Savaş bir qədər səngiyib. Bunu rəsmi Kiyev də təsdiqləyir. Rusiya tərəfindən aktivlik hiss edilmir. Məncə, bu müharibə səngiyəcək. Amma bu, heç də o demək deyil ki, Rusiya Ukraynada nəzarətinə aldığı şəhərlərdən özü çəkiləcək. Bu, uzunmüddətli məsələdir. Ola bilsin ki, kiminsə vasitəçiliyi ilə danışıqlar başlayacaq və bu danışıqlar uzunmüddətli olacaq. Amma paralel olaraq Ukraynanı da gücləndirəcəklər. Həm hərbi, həm də iqtisadi baxımdan. Ukraynanı rusların düşündüyü kimi asanlıqla işğal etmək mümkün olmayacaq.

- Ukrayna savaşından əvvəl Kreml tələb edirdi ki, NATO 1997-ci il sərhədlərinə çəkilməlidir. Amma indi bunun tam əksi baş verir, Finlandiya və İsveç NATO-ya daxil olmaq üzrədir. Bu addım Rusiya üçün hansı nəticələr yaradacaq?

- Finlandiya və İsveç NATO-ya daxil olur. Rusiya faktiki olaraq öz siyasətinə görə həm şimaldan, həm də qərbdən NATO ölkələri ilə əhatə olunacaq. Rusiya elə siyasət aparıb ki, nəticədə Skandinaviya ölkələri narahat olmağa başlayıblar və indi nicatlarını NATO-ya daxil olmaqda görürlər. Çünki anlayırlar ki, yalnız NATO onları müdafiə edəcək. Əslində, paradoksal vəziyyət yaranıb. Finlandiya hər zaman neytral mövqe tuturdu və Moskva ilə münasibətləri yaxşı idi. İndi vəziyyət elə həddə çatıb ki, Finlandiya qorxusundan NATO-ya daxil olur. Əlbəttə, Türkiyənin müəyyən tələbləri var. Amma Qərb birmənalı olaraq İsveç və Finlandiyanın yanındadır. Hətta NATO-ya daxil olmasalar belə, onları hərbi texnika ilə təmin edib gücləndirəcəklər.

- Demək istəyirsiniz ki, NATO Rusiyanı mühasirəyə almaqda davam edir?

- Bəli, bunu davam etdirəcək və vəziyyət bir qədər də mürəkkəbləşəcək. Əgər Ukrayna müharibəsinə qədər müəyyən NATO dövlətləri Rusiyanı əhatə edirdisə, məncə, bundan sonra belə dövlətlərin sayı artacaq. Ukrayna NATO üzvü olmasa da, Qərbin hərbi texnikası ilə təmin ediləcək. Eləcə də Pribaltika və Şərqi Avropada NATO güclənəcək. Məncə, bu, Rusiyanın təhlükəsizliyinə ciddi təzyiq olacaq.

- Bu qlobal proses bütövlükdə Rusiya daxilinə, onun siyasi elitasına hansı təsirlər göstərəcək, zəifləyən Rusiyada mərkəzdənqaçma meylləri, etirazlar gözlənilə bilərmi?

- Bu mövzuda müxtəlif fikirlər səsləndirilir. Bəzi mütəxəssislər konsperoloji versiyalarla çıxış edirlər. Deyirlər ki, Kremldə çevriliş hazırlanır və bu, hər an baş verə bilər və s. Açığını deyim ki, mən hələlik bunu görmürəm. Bu, nə hiss, nə də müşahidə edilmir. Baxın, müəyyən oliqarxlar, müğənnilər, tanınmış adamlar Rusiyanı tərk ediblər. Özü də onların sayı çox deyil. Digər tərəfdən, ola bilsin elita arasında narazılıq var, amma bu narazılıq hələ açıq şəkildə eşidilmir. Ola bilsin ki, səbəb qorxu, narahatlıq, bir qədər də biganəlikdir. Eyni zamanda sadə vətəndaşların qulaqlarını o qədər doldurublar ki, onlar atılan addımları müdafiə edirlər. Mənim qənaətimcə, vəziyyət yalnız bir neçə aydan sonra aydın olacaq. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsi özünü büruzə verəndə sadə insanlar anlamağa başlayacaqlar ki, qiymətlər bahalaşır, maliyyə sistemi iflic vəziyyətdədir, iqtisadiyyat inkişaf etmir və s. Bax, bu halda başa düşəcəklər ki, bunlar Rusiya üçün böyük bəla və problemlərdir.

-Yəni, hazırda Rusiyada soyuducu ilə televizor arasında rəqabət gedir...

- Bəli. Hələlik Rusiya vətəndaşları televizora inanırlar. Çünki onlar sanksiyaların nəticələrini bir o qədər ciddi hiss etməyiblər. Bir daha qeyd edim ki, sanksiyalar bir müddətdən sonra nəticə verəcək. Qiymətlər artacaq, taxıl, meyvə-tərəvəz, çörək məsələsi də olacaq. Qənaətimcə, bu halda ola bilsin ki, narazılıqlar artsın və insanlar nəsə deməyə başlasınlar. Amma hələ ki, bu istiqamətdə geniş etiraz görmürəm.

Rasim Əliyev

“AzPolitika.info”