“Qisas” əməliyyatı erməniləri yanıltdı: növbəti hərbi əməliyyat..

“Qisas” əməliyyatı erməniləri yanıltdı: növbəti hərbi əməliyyat..

17 Avqust 2022 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Elşad müəllim, “Qisas” əməliyyatından sonra Ermənistan Azərbaycanın təxribatlara laqeyd yanaşmayacağını bir daha görmüş oldu. Növbəti dəfə bu cür təxribatlara qarşı Azərbaycanın davranışları və yenidən hərbi əməliyyatların başlaması ehtimalını necə dəyərləndirirsiniz?

- “Qisas” əməliyyatı növbəti dəfə sübut etdi ki, Azərbaycan heç bir halda ermənilərin, separatçıların təxribatlarını cavabsız qoymayacaq. Bu, ermənilər üçün bir siqnal olmalıdır. Çünki II Qarabağ müharibəsi və Ermənistanın kapitulyasiya sənədini imzalamasından sonra ikinci dəfədir ki, belə təxribatlar baş verir. Azərbaycan bu təxribatlara sərt cavab verir. Fərrux ətrafında ermənilərin təxribatları və Azərbaycanın buna qarşı sərt mövqeyini hər kəs gördü. Bununla da Azərbaycan strateji yüksəkliklərdə möhkəmləndi. Ola bilsin ki, Ermənistan tərəfi və Azərbaycan ərazisində yaşayan ermənilər düşünürlər ki, hazırkı şərtlər daxilində Azərbaycan geniş miqyaslı hərbi əməliyyatlar keçirməyəcək. Amma təbii ki, “Qisas” əməliyyatı ermənilərin yanıldığını göstərdi. Dövlət başçısı da qeyd etdi ki, Azərbaycan ermənilərin təxribatlarına qarşı hərbi əməliyyatlara başlamaq üçün kifayət qədər hərbi, siyasi gücə malikdir. Bunu Ermənistan və ermənilər artıq gördülər. Əmin oldular ki, bundan sonra təxribatlara əl atacaqlarsa, Azərbaycan hərbi əməliyyatlar keçirib, onların qarşısını sərt şəkildə alacaq. Bunu Prezident İlham Əliyev də qeyd etdi. Bundan sonra da hərbi əməlliyatların olacağını istisna etmədi. Bu da Ermənistan və ermənilər üçün ciddi xəbərdarlıqdır.

- Müharibədən sonra “status” və hansısa “hüquq”lardan bəhs edilirdi. Ölkə başçısı son açıqlamasında bir daha bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyini açıq şəkildə ifadə etdi. Hələ də özləri üçün ümid yeri və ünvanı axtaranlar üçün bu mesajın əhəmiyyətini necə şərh etmək olar?

- Azərbaycan ərazisində yaşayan azsaylı ermənilər xüsusi imtiyazlar və yaxud “status” haqqında düşünməsinlər. Ölkə başçısı 2020-ci ildə də bildirdi ki, heç bir “status”dan söhbət gedə bilməz. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda da Azərbaycan ərazisində yaşayan ermənilərin “statusuna” ümumiyyətlə toxunulmur. Bundan sonra 2021-ci ilin yanvar ayının 11-də Moskvada, daha sonra noyabr ayında Soçidə imzalanan sənədlərdə hansısa bir “statusa” toxunulmur. Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında baş tutan görüşlərdə də ümumiyyətlə “status” məsələsindən danışılmayıb. Ondan sonra Brüsseldə keçirilmiş görüşlərdə də “status” məsələsindən bəhs edilməyib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasındakı tənzimlənmələr zamanı Rusiyanın vasitəçiliyi ilə imzalanmış üç sənədə istinad olunduğunu bildirdi. Bununla da Ermənistanın bütün ümidləri puça çıxmış oldu. Çünki imzalanmış sənədlər mahiyyət etibarı ilə Azərbaycanın maraqlarına cavab verir. Burada kommunikasiyaların açılmasından bəhs olunur.

- Yeni Laçın yolu ilə bağlı Ermənistan tərəfinin mümkün maneələri fonunda artıq prosesin yekunlaşması üçün 15 gündən az vaxt qalıb. Belə olan halda dəhliz və alternativ yol məsələsi ilə bağlı yanaşmaları necə qiymətləndirirsiniz?

- Laçın dəhlizinə alternativ yolun çəkilməsi üçtərəfli bəyanatın 6-cı bəndində öz ifadəsini tapıb. Amma Ermənistan tərəfi son dövrə qədər öz ərazisində alternativ yolun çəkilməsinə başlamamışdı. Azərbaycan tərəfi isə bu işləri yekunlaşdırıb. Hətta Ermənistana infrastrukturu qurmaq üçün Azərbaycan öz təklifini edib. Ermənistan isə bundan imtina edərək prosesi bir qədər də yubatmağa cəhd göstərməyə başlayıb. Amma bütün hallarda proseslər Azərbaycanın mövqelərinin güclənməsi istiqamətində getməkdədir. Ermənistan tərəfi Laçın dəhlizinə alternativ yolun çəkilməsini ləngitməklə əslində Azərbaycan ərazisində yaşayan ermənilərin taleyinə biganə olduğunu nümayiş etdirirdi. Bu öz növbəsində Azərbaycana imkan verəcək ki, daha tez bir zamanda ərazilərimizdə separatizmin kökünü tam kəsmiş olsun. Çünki Ermənistanla Azərbaycan ərazisində yaşayan ermənilər arasında keyfiyyəli əlaqənin olmaması onları zəif durumda qoyur. Beləliklə də, onların gələcəkdə hansısa bir müqavimət göstərmək, təxribatlar törətmək imkanları da sıradan çıxarılır.

- Proseslərin gedişi Ermənistan üçün bundan sonrakı mərhələdə hansı məcburedici mərhələ formalaşdırır?

- Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilərin “statusu” məsələsində imtina etmək məcburiyyətindədir. Bu istiqamətdə olan “cəhdlər” tam fiaskoya uğradı. Azərbaycan isə mövqelərini daha da gücləndirdi. Avqustun sonuna kimi Azərbaycanda yaşayan ermənilərə verilən vaxt bunu bir daha təsdiqləmiş olur. Bu ayın sonunda Laçın dəhlizini Azərbaycan öz nəzarətinə götürəcək. Laçın şəhərindən, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər çıxarılacaq. Bununla da Azərbaycan Laçında və ətraf kəndlərdə məskulaşmanı həyata keçirəcək. Bütün bunlar ölkəmizin böyük sürətlə öz hədəflərinə çatdığını göstərir. Artıq Azərbaycan özü üçün elə bir şərait formalaşdırıb ki, hər şeyin dərhal xeyrimizə həll olunması üçün addımlar atılmaqdadır. Bunun üçün Azərbaycan bütün şərtləri formalaşdırıb.

- Ermənilərin ümid bəslədiyi ünvanlardan onlara verilən reaksiyaların mahiyyəti nədən ibarətdir?

- Azərbaycan ərazisində yaşayan ermənilərin “statusu” artıq müzakirə predmeti deyil. Rusiya xarici işlər naziri Azərbaycanda səfərdə olarkən də 2020-ci ilin payızına qədər qüvvədə olan “prinsiplərin” qüvvədə olmadığını göstərmiş oldu. Burada başlıca prinsip gələcəkdə ermənilərin “statusu” məsələsinin həll olunması idi. Artıq ATƏT-in Minsk qrupu da mövcud deyil. Ümumiyyətlə Minsk qrupunun fəaliyyəti həmsədr ölkələr arasındakı münasibətlərin xarakterinə görə qeyri-mümkündür. Bu halda “status” məsələsi müzakirə edilə bilməz. Nə Azərbaycan ərazisində yaşayan ermənilərin, nə də ki, Ermənistanın özünün belə “status” ətrafında müzakirə açmaq imkanları mövcud deyil. Ermənilərin hər yerdən ümidləri kəsilib. Bu baxımdan ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan ərazisində başqa xalqların nümayəndələri necə yaşayırdılarsa, hansı hüquqlara malikdirlərsə, ermənilər də o bu formada mövcudluqlarını davam etdirə bilərlər.