İki ölkə Azərbaycana qarşı: “Təlimat oradan gəlib, məqsəd...”

İki ölkə Azərbaycana qarşı: “Təlimat oradan gəlib, məqsəd...”

1 Sentyabr 2022 10:48
Bəyəndim (0) Bəyənmədim (1)

Oxuməni.az politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsinə revanşistlər və radikallar istisna olmaqla, Ermənistan cəmiyyətindən kəskin reaksiya gəlmədi. Əlbəttə, buralar bizim ərazilərimizdir, etiraz etməyə haqları çatmır, amma ermənilərin hansı düşüncənin sahibi olduğunu da bilirik. Bununla belə, hesab etmək olarmı ki, artıq ermənilər yeni reallıqla barışırlar və sülh istəyirlər?

- Hesab edirəm ki, erməni toplumunun əksər hissəsi öz mövqeyini müharibədən sonra keçirilən seçkilərdə ortaya qoyub. Məlumdur ki, həmin dövrdə Nikol Paşinyan Ermənistana rəhbərlik edirdi, Azərbaycan ordusu işğala son qoymuşdu, bu ölkəyə qalib gəlmişdi və ordusunu darmadağın etmişdi. Tarixdə belə bir fakt yoxdur ki, müharibədə məğlub olan ölkənin rəhbəri dəstəklənsin və seçilsin. Əslində bizim coğrafiyada analoqu olmayan bir xalq varsa, onlar da ermənilərdir. Çünki bölgəyə yaddırlar.

Ermənistanda uzun müddətdir davam edən bu prosesin iflasa uğradığını revanşistlərin keçirdikləri aksiyalar da sübuta yetirdi. Bu aksiyalar erməni cəmiyyəti tərəfindən dəstəklənmədi. Bundan sonra da dəstəklənəcəyi inandırıcı görünmür. Şübhəsiz ki, biz burada Ermənistan cəmiyyətinin reallıqları olduğu kimi dərk etməsi və s. kimi faktorları qabardaraq, hadisələri düzgün dəyərləndirə bilmərik. O zaman sual yaranır ki, Ermənistan cəmiyyəti niyə indiyədək bunu dərk etmirdi? Çünki ermənilər uzun illərdən bəri Azərbaycana və türk dünyasına nifrət üzərində yetişdirilib. Uzun illər davam edən cəzasızlıq onlarda belə bir güvən yaratmışdı ki, Azərbaycan heç vaxt öz torpaqlarını işğaldan azad edə bilməyəcək, nəticədə öz təcavüzkar siyasətlərini davam etdirəcəklər.

Azərbaycan əraziləri işğalda olduğu dövrdə Ermənistanda bir-iki şəxs istisna olmaqla, heç vaxt müharibəyə son qoyulmasına dair aksiyanın keçirilməsinin şahidi olmamışıq. Bu onu sübut edir ki, erməni cəmiyyətinə reallığı və ya həqiqəti başa salan bir hadisə və tərəf var. Bu hadisə 44 günlük Vətən Müharibəsi, tərəf isə Azərbaycandır. Bu hadisə və Azərbaycanın qətiyyəti olmasaydı, Ermənistan cəmiyyəti dəyişməyəcəkdi. Yəni Ermənistan cəmiyyətinin düşüncə və hadisələrə yanaşma tərzi məcburiyyət qarşısında dəyişib. Onlar bunu sevə-sevə etməyiblər.

Qənaətimə görə, bundan sonra da bizim bölgədə təhlükəsiz, firavan yaşamağımızın yolu daha güclü olmaqdan və bu gücü ildən-ilə daha da artırmaqdan keçir. Ermənistan başının üstündəki “Dəmir yumruq”u heç vaxt unutmalı deyil. O zamana qədər unutmamalıdırlar ki, bu bölgədə sağlam düşüncə ilə yaşamağa alışsınlar, başqalarının torpaqlarından gözlərini çəksinlər, təcavüzkar düşüncəyə son qoysunlar və Azərbaycan sərhədləri daxilində yaşamağı özlərini üçün ən böyük lüks hesab etsinlər. Sevinsinlər ki, bu torpaqlarda onlara yaşamaq hüququ tanınır. Bu, tarixi həqiqətin və ədalətin bərpa olunmasıdır, Tanrının ilahi ədalətidir.

- ABŞ və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etmələri hələ də müzakirə mövzusudur. Bununla bağlı Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzadan maraqlı açıqlama gəldi. O bildirdi ki, səfir olsaydı və Vaşinqtondan razılıq gəlsəydi, Şuşaya gedərdi. Belə olan halda sual yaranır ki, Vaşinqton niyə indiki səfirinə Şuşa qadağası qoyub?

- Hər şey aydındır, bəllidir ki, səfirlər öz iradələrinə uyğun şəkildə hərəkət etmirlər. Əslində, bu, ABŞ Dövlət Departamentindən verilən təlimata uyğun olaraq, səfirin (Örl Litzenberqer) sərgilədiyi mövqedir. Əks halda, səfirin Şuşaya getməsi üçün heç bir maneə yoxdur. Bu, indiki şəraitdə ABŞ-ın regionda baş verən proseslərə hansısa formada maneə yaratmaq, Minsk qrupunun “xortladılması” ilə bağlı cəhdlərin irəliyə aparılması istiqamətində müəyyən manevrlər etmək niyyətindən xəbər verir. Bu hadisələrdən sonra Ermənistanda baş verənlərə və Nikol Paşinyanın parlamentdənkənar partiyaların rəhbərləri ilə görüşündən sonra həmin siyasi qurumların sədrlərinin verdikləri açıqlamalara diqqət çəkmək istəyirəm. Bunlar bir-biri ilə birbaşa əlaqəli olmasa da, prosesin mahiyyəti haqda düşünməyə əsas verir.

Məsələn, Respublika partiyasının sədri Aram Sərkisyan Paşinyanla görüşündən sonra maraqlı açıqlama verdi. Sərkisyan Fransa və ABŞ səfirlərinin Şuşaya getməmələrini nümunə göstərmişdi. Onun qənaətinə görə, ABŞ yenidən qondarma statusu gündəmə gətirmək istəyir. Sərkisyanın və çox güman ki, Paşinyanın qənaətinə əsasən, Rusiya və Azərbaycan məsələni həll edilmiş hesab edirlər və Ermənistan bu kontekstdə mövqeyini dəyişməlidir.

Əslində İrəvandan verilən mesajların mahiyyəti belədir: Ermənistan KTMT-dən çıxmalıdır, çünki bu ittifaq onlara heç nə qazandırmır, Fransa və ABŞ-la hərbi əməkdaşlığı artırmaq lazımdır və s. Təbii ki, bunlar Ermənistan üçün həyata keçmək baxımından fantastik fikirlərdir. Amma bunlar Ermənistanın siyasi kuluarlarındakı ovqatın nədən ibarət olduğunu düşünməyə əsas verir. Düşünürəm ki, burada müəyyən qədər də olsa həm Fransa, həm də ABŞ-ın mövqeyini ifadə edən məqamlar da yox deyil. Yəni reallıq bundan ibarətdir.

Fransa və ABŞ hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan etnik ermənilərə sahiblənmək niyyəti güdürlər. Bu, tarixin bütün dövrlərində olub. Burada təəccüblü heç nə yoxdur. Azərbaycan ərazilərindəki separatizm hərəkatının başında həmişə ABŞ və Fransa, oralardakı erməni lobbisi dayanıb. Onların diktəsi və artıq cəhənnəmə vasil olmuş Mixail Qorbaçovun “xeyir-dua”sı ilə bu proses başladılmışdı. Yaxın tarixdə baş verən bu prosesləri hər kəs bilir. Bu mövqe bu gün də dəyişməyib və düşünürəm ki, dəyişəcək. Çünki dəyişməkdən başqa alternativi yoxdur.

ABŞ reallıqla barışacaq. Prosesin gedişatında bunun açıq şəkildə şahidi olacağıq. Şuşaya da, başqa ərazilərə də gedəcəklər. Ola bilsin ki, bu ərazilərdə həyata keçirilən layihələrdə iştirak etmək üçün öz təşəbbüslərini də irəli sürsünlər.

- ABŞ və Fransadan fərqli olaraq, Brüssel (Avropa Birliyi) iki ölkə arasında anlaşmanın əldə edilməsində və sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf kimi görünür. Həqiqətənmi belədir?

- ABŞ Dövlət Departamentinin son açıqlamasında bununla bağlı bir mesaj vardı. Mesajda bildirilir ki, ABŞ əldə olunan razılaşmaların həyata keçirilməsini zəruri hesab edir və sülh prosesini dəstəkləyir. Yəni belə ziddiyyətli yanaşmaları həm Fransanın, həm ABŞ-ın, həm də bir sıra digər dövlətlərin açıqlamalarında görə bilərik.

Brüsselə gəldikdə, Avropa Birliyi bir neçə dövlətin mövqeyini ifadə edir. Avropa İttifaqı indiki – enerji təhlükəsizliyinin vacib faktora çevrildiyi bir dönəmdə öz mövqeyini ifadə etmək məcburiyyətindədir. Digər yandan, Avropa Birliyi hadisələrin əvvəlindən gedişata daha liberal mövqedən yanaşmağa cəhd göstərir. Tərəflərin sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən, sülh müqaviləsinin imzalanması məsələlərində mövqelərinin yaxınlaşdırılması üçün cəhdlər edir. Şübhəsiz ki, burada Azərbaycan dövlət başçısının nüfuzu, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol önəmli yerə malikdir.

Fransaya gəldikdə, hər seçkidə erməni məsələsi bu ölkədən olan siyasətçilərin öz siyasi maraqlarının əsas hissəsini təşkil edir. Fransa bu prosesə fundamental təsir gücünə malik deyil.

Brüsselin mövqeyinin neytral formada nəzər çarpması, eyni zamanda, regiondakı reallıqların dərk edilərək önə çıxarılması praqmatik yanaşmadır. Əks təqdirdə, alternativ yol prosesdən tamamilə kənarda qalmaqdan ibarətdir. Avropa Birliyi isə hadisələrin içində yer almağı və münasibətləri bundan sonra da davam etdirməyi məqbul hesab edir. Düşünürəm ki, bu, ən doğru yanaşmadır.