Ukrayna prezident administrasiyasını mühasirəyə alan əsgərlər geri çəkildilər
Ukraynada davam edən vətəndaş müharibəsi ölkənin daxilindəki ictimai-siyasi vəziyyətə mənfi təsir göstərməkdədir. Xəbər verdiyimiz kimi, dünən həqiqi hərbi xidmətin əsgərləri Ukrayna prezidentinin iqamətgahı yaxınlığında etiraz aksiyalarına başlamışdılar.
UNİAN-ın məlumatına görə, bu gün hərbçilər Kiyevin Bank küçəsini tərk edərək, prezident administrasiyasının ətrafından birbaş hərbi hissələrinə qayıdıblar. Onlar kiçik qruplarla KRAZ markalı xidməti avtomobillərinə minərək hadisə yerindən uzaqlaşıblar.
Xatırladaq ki, Kiyev vilayətində xidmət edən həqiqi hərbi xidmətin qvardiyaçı əsgərləri (3027: 3030: 3066 saylı hərbi hissələr) Ukrayna prezidenti administrasiyasının qarşısında toplaşıb, səfərbərliyə son və ordudan təcili təxliyə tələbləri ilə mitinqə başlamışdılar.
Milli qvardiyanın yüksək zabit heyəti onlarla görüşərək, hər bir əsgərə hərbi hissəyə qayıtmağı təklif edib. Bundan başqa, prezident administrasiyası rəhbərinin birinci müavini Gennadiy Zubko da etirazçıları qəbul edərək onları təmkinli olmağa səsləyib. Administrasiya rəsmisi Ukrayna Prezidentinin 16-17 oktyabrda Milana planlaşdırılan səfəridən sonra əsgərlərlə şəxsən görüşəcəyini və onların problemləri ilə yerində maraqlanacağını söz verib.
Öz növbəsində Milli Qvardiyanın komandanı Stepan Poltorak narazı əsgərlərə maaşlarının artırılacağı və xidməti müddətindən artıq qulluq edənlərə mükafat veriləcəyini deyib. Yalnız bundan sonra Milli Qvardiyanın etirazçı əsgərləri xidməti hissələrinə qayıdıblar.
Mediainfo.az