Hacı İbrahimin mühasibinin adı MTN işində - TƏFƏRRÜAT
Daha bir azərbaycanlı iş adamı "İnterpol" xətti ilə axtarışa verilib. Axtarışa verilən iş adamı əslən Naxçıvanın Şahbuz rayonundan olan Vaqif Bağırov vəzifə saxtakarlığı və külli miqdarda dələduzluqda təqsirləndirilir. 1970-ci il təvəllüdlü iş adamının tutularaq istintaqa təhvil verilməsi üçün axtarış elan olunub.
"Avesta"nın keçmiş mühasibi Vaqif Bağırov Afrikada yaşayır. Hacı İbraimin keşmiş mühasibi 1992-ci ildən 2004-ə qədər Naxçıvanda vergi məmuru işləyib.
Həmin il Hacı İbrahimin "Avesta" konsernində maliyyə idarəsinin rəisi və firmaların baş mühasibi olub. Özü vaxtilə açıqlamasında bildirib ki, 2010-cu ilin dekabr ayına qədər Hacı İbrahimlə birgə çalışmışıq:
"Sonra mən öz biznesimi qurmaq üçün işdən çıxmışam. Hazırda Afrikada işimi qurub biznesimlə məşğulam. 2011-ci ilin may ayının 17-də Azərbaycandan çıxmışam".
V.Bağırovun yenidən axtarışa verilməsinin səbəbləri məlum olub. Saytımıza bildirilib ki, bu axtarış onun MTN-dəki banda ilə əlaqəli olmasıdır.
"Avesta" Konsernin rəhbəri, əsrin fırıldaq proyekti olan "Xəzər Adaları" layihəsinin müəllifi İbrahim Nehrəmlinin MTN-dəki banda ilə əlaqələri ortaya çıxmışdı.
Tanınmış hüquqşünas Qurban Məmmədovun MTN-də qarşılaşdığı bir hadisə barədə açıqlamaları İbrahim Nehrəmlinin də "GENERAL BANDASI" ilə ciddi əlaqələrinin olduğunu söyləməyə əsas verirdi.
Qurban Məmmədovun yazdığına görə, məhz İbrahim Nehrəmlinin 2011-ci ilin əvvəllərində MTN-ə müraciəti əsasında Akif Çovdarovla görüşməli olub.
Tanınmış hüquqşünas bu barədə yazır: "O vaxt Bağırov Vaqif Kərəm oğlu adlı orta səviyyəli bir iş adamı hüquqi yardım göstərmək üçün mənə müraciət etmişdi. Ticari müqavilələrin hazırlanmasında, bəzi danışıqların aparılmasında, idarə sənədlərinin qaydaya salınmasında ona yardım edirdim.
Bir gün Gəncə şəhərində olarkən, axşamüstü mənə V. Bağırovun ofisindən həyəcanlı zəng gəldi. Özlərini MTN zabitləri kimi təqdim edən üç nəfər şəxs ofisi basaraq, Vaqifi MTN-ə aparmağa cəhd edirlər.
Nə etməli olduqlarını soruşdular. Mən gələnlərin əllərində rəsmi çağırış vərəqi və ya başqa bir rəsmi sənəd olub-olmadığı ilə maraqlandım. Yox idi. Özlərini necə təqdim etmələrini soruşdum. Üzərində "MTN" yazılan vəsiqə göstərib, Akif Çovdarovun tapşırığı ilə gəldiklərini bildirdiklərini dedilər.
Onda mən Bakıya gələnədək ofisi tərk etməmələrini, heç hara getməmələrini, Vaqif Bağırovun mənsiz MTN-nin binasına daxil olmamasını məsləhət gördüm. Gələnlər bir qədər dartışma və hədə-qorxudan sonra ofisi tərk edib gediblər".
MTN-də olarkən Q.Məmmədov A.Çovdarovla görüşüb. Generalın sözlərindən aydın olub ki, Nehrəmli İbrahim İbrahimov onunla əvvəllər bir yerdə işləmiş Vaqif Bağırovun ona iki milyon borcu oduğu haqqında Eldar Mahmudova ərizə verib, sonuncu da borcun alınmasını Çovdarova tapşırıb.
Mediainfo.az





























































































