Korrupsioner hakimin diplomu saxtadır? - Açıqlama

Korrupsioner hakimin diplomu saxtadır? - Açıqlama

19 Oktyabr 2016 10:33
Bəyəndim (0) Bəyənmədim (1)

"Bu günlərdə Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev işdən qovulub.
Bu həmin Akşin Əfəndiyevdir ki, törətmədiyi cinayətə, açıqdan-açığa saxtalaşdırılmış tibbi ekspertiza rəyinə görə, yalnız mənim qızım olduğu üçün iki azyaşlı uşaq anası Günel Həsənlini bir il altı ay müddətinə azadlıqdan məhrum etmişdi".

Bunu Milli Şura sədri Cəmil Həsənli yazıb.
Onun sözlərinə görə, eyni vaxtda Günel məhkumluqdan, Akşin Əfəndiyev isə korrupsiya əməlinə görə hakim vəzifəsindən azad olundu: "Bu adam test imtahanı ilə Azərbaycan ali məktəblərinə daxil ola bilmədikdən sonra 2002-ci ildə gedib Dağıstan Dövlət Universitetinə.

Orada hüquq fakültəsini "bitirmişdi". Əgər diqqətlə yoxlasalar onun aldığı hüquqşünas diplomu da saxta çıxacaq. İndi qaldı Akşin Əfəndiyevin saxta hökmünü qüvvədə saxlamış Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov, görək onun əməllərinə nə vaxt hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ədliyyə naziri Fikrət Məmmədov məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, məhkəmə sistemində mövcud vakansiyaların komplektləşdirilməsi üzrə tədbirləri müzakirəyə çıxarıb. Eyni zamanda, iclasda digər təşkilati məsələlərə baxılıb.
Bundan başqa, hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib.
Bundan başqa, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb. (politika)

Mediainfo.az