Bu gün 8 mart beynəlxalq qadınlar günüdür
8 mart qadınlar günü Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi,
iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi
yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların
günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və
Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci
ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən etibarən qeyd olunmağa
başlayıb.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla
bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu
üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə
ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq
konvensiyaya qoşulub.
Rəsmi statistikalara görə, ölkədə səhiyyə sahəsində
çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardır.
Azərbaycan Milli Məclisinin 14 qadın üzvü var. Ölkədə bir
komitə sədri, Ombudsman, nazir müavinləri, icra hakimiyyəti başçılarının
müavinləri, QHT və KİV rəhbərləri olan qadınlar var. 8 Mart-Beynəlxalq Qadınlar
günü Azərbaycanda qeyri-iş günü elan olunub.
Bayramınız mübarək olsun, əziz qadınlar!
O.M.