Məhəbbət yollarında

Məhəbbət yollarında

6 Fevral 2015 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ağıl yola getmir məhəbbət ilə,

Çünki salır sirri ağıza, dilə.

Məhəbbət dəryadır, qasırğası var,

Kamal sahibi də qoynunda batar.

Məhəbbət tükənməyən bir dəryadır. Varlıq aləminə bəxş olunan ülvi duyğulu bir nemətdir. Hər bir aşiq bu dəryadan öz qismətinə düşən bir damlasını götürür. Tükənməyən bu eşq dəryası bir olsa da, eyni vaxtda o dəryadan damla götürən aşiqlər isə müxtəlifdir. Və bu müxtəlifliklər içində hər kəs fərqli-fərqli o sevgini yaşayır. Gələn mesajlar, edilən müraciətlər buna bariz nümunədir.

(055) 36-08 nömrəli mobil telefonun sahibi olan xanım çoxdan etdiyi müraciətində yazır: Salam, İsa Rəvan. Məni bir oğlan sevirdi, heç kim məni onun qədər sevməyib. O, məni təmiz qəlblə, təmiz fikirlə sevirdi. Ancaq mən onun sevgisini dəyərləndirmədim. Düşünürdüm ki, ondan da yaxşıları məni sevəcək. Buna görə də onun qəlbini qırıb ona əzablar yaşatdım. Bununla belə o, neçə il mənə görə ailə həyatı da qurmadı. Ancaq sanki mənim qəlbim ona qarşı daşa dönmüşdü. Mən də xoşbəxt deyiləm. Sonradan məni sevənlər yalançı çıxdılar, ya da mənim düşündüyüm fikirlər olmadı. Onun məni bu qədər çox sevdiyini bilə-bilə qəlbini qırdım. İndi taleyim heç kimlə birləşə bilmir. Elə bil ki, onun məndə nəfsi qaldı. Ancaq indi də onun kimi məni sevən yoxdur.

İsa Rəvan: Sevgi həyatımızın tərkib hissəsidir, həyat varsa-sevgi də olacaq. Sevgi təbiətin bizlərə bəxş etdiyi ülvi bir nemətdir ki, varlığı ilə bütün qəlblərə hakim kəsilir. Lakin duymadan da o Sevgini yaşamaq mümkün deyil. Bəzən isə ötəri sevgi də ülvi sevgi kimi təsir bağışlayır. Lakin o aldadıcı olaraq adı kimi də ötüb gedir. İlk növbədə sevgidə düzgün seçim və inam olmalıdır. Düzgün seçim olmayanda o sevgi tez sarsılacaq. Təəssüflər olsun ki, ötəri və ani hisslər çox vaxt düzgün olmayan seçimlə nəticələnir. Bədbəxtlik ondadır ki, bəzən bizi sevəni deyil, bizi sevməyəni sevirik. Bu da nəticədə qarşılıqsız sevgi yaşadır. Eşqin uğursuzluğu da ötəri hisslərə aldanıb onu həqiqi sevgi kimi qəbul edilməsindədir. Ötəri hisslər həqiqi sevginin bəxş etdiyi xoşbəxtliyi verə bilmir. Sonda isə uduzaraq o acıları yaşayan, aldanan tərəf olur.

Siz də bu aldanmışlardan birisiniz. Sizi sevənin həqiqiliyinə deyil, sizi sevməyənlərin şirin yalanlarına inanmısınız:

Öz könlün pay edib verənin olmaz,

Səni özündən çox sevənin olmaz.

Yolunda mənim tək ölənin olmaz,

Bu eşqin qədrini biləydin gərək.

Sənə bir ömürlük ürək vermişdim,

Bu sevda yolunda qəm də yemişdim.

Başına mələk tək azmı dönmüşdüm?

Bu eşqin qədrini biləydin gərək.

İsa Rəvan

Sizi bir neçə nəfərin sevməyi sizdə bir növ daxili əminlik yaradıb. Daha da yaxşısını gözləmək ümidi ilə sizi əsl sevəni də dəyərləndirməmisiniz. Ancaq siz öz gənclik təravətinizin sonrasını da düşünməliydiniz. Çünki zaman heç kimi gözləmir və ömürlər də bu zaman axınında qocalaraq gedir. Artıq ötüb keçənlər təəssüf hissindən başqa bir şey deyil. Sizi əsl sevən o oğlanla siz indi öz səadətinizi

yaşaya bilərdiniz. Necə siz ona dəyər verməmişdiniz, başqa sevənləriniz də sizə dəyər vermədilər. Sonda isə hər iki tərəfdən acılar yaşayan siz özünüz oldunuz. Bütün bunları bir dərs kimi ibrət edin ki, sonradan bir də sevgi uğursuzluğunu yaşamayasınız. Sizə dəyər verəni siz də dəyərləndirin. Sevdiyiniz insanın isə daxili gözəlliyinə üstünlük verin. Ünsiyyət quran zaman bunlara xüsusi diqqət yetirin ki, bir də allanmayasınız. Ötəri hisslərin şirin vədlərinə isə qətiyyən inanmayın. Bir də həqiqi sevgi ilə qarşılaşarsınızsa ondan maksimum dərəcədə yararlanın. Sizə səadət və xoşbəxtlik arzusu ilə.

(050) 90-55 nömrəli mobil telefonun sahibi olan başqa bir xanım yazır: Salam, İsa Rəvan. Mən bir oğlanla bir-birimizi sevirik. Ancaq sanki aramızda bir boşluq var, o da inamsızlıqdan yaranır. Bu inamsızlıq isə onun tərəfindəndir. Mən hara gedirəmsə ondan icazə almış kimi oluram. Bu da mənə pis təsir edir. Onu sevdiyimə görə ayrıla da bilmirəm. Ancaq belə olmağın da istəmirəm. Düşünürəm ki, bəlkə sonradan hər şey yaxşı olar. Xahiş edirəm dəyərli məsləhətinizlə mənə kömək edəsiniz. Əvvəlcədən təşəkkürlər.

İsa Rəvan: Sevgi iki qəlbin eyni ülvi hissidir ki, o da hər iki sevən arasından bərabər paylanmalıdır. Bu duyğuların bərabərliyi olmayanda münasibətlərdə də disbalans yaranacaq. Ülvi duyğulara ülvi hisslərlə yanaşmaq lazımdır. Sevginin birinci şərti inamdır, inam olmadan sevmək olmaz. İnamsızlıq qarşı tərəfə şübhə ilə yanaşaraq etibar etməməkdir. Bu isə qarşı tərəfdə pessimist ruh yaradaraq daim gərginlik içində saxlayır. Gərginlik içində yaşanan sevgi ilə stressdən başqa bir şey deyil. Sizin bu sevginiz də qarşılıqlı olsa da, inamsızlıq baxımından birtərəfli yaşanır. Siz sanki bu sevgini itirməmək üçün ondan asılısınız. İxtiyarınız onun əlindəymiş kimi hərəkət edirsiniz. Siz dəqiqləşdirin ki, bu inamsızlıq onda haradandır. Sizə qarşı belədir, yoxsa hamıya qarşı? Əgər sizə qarşı inamsızlığı bu dərəcədədirsə, onun sevgisini necə başa düşək. Axı inamsızlıqla-sevgi bir araya gəlmir. O ki qaldı xasiyyətə, o dəyişən deyil. Siz zəiflik göstərdikcə özünüzü daha da müti bir hala salmış olacaqsınız. Siz sevin, o sevgini kimsə əlinizdən almır. Ancaq qarşılıqlı hörmət və inam əsasında sevib-sevilin. Buna görə də sizə qarşı olan bu inamsızlığa görə öz incikliyinizi və etirazınızı bildirin. Ümumiyyətlə, bu barədə onunla ətraflı söhbət edin. Siz öz ləyaqətinizi ona görə deyil, ilk növbədə ailənizə və özünüzə görə qoruduğunuzu deyin. Siz ona inandığınız kimi, o da sizə inanmalıdır. Bu inamsızlıq davam etsə də, sonradan əgər ailə həyatı qurularsa daha yaxından tanıyandan sonra bu hal tədricən düzəlir.

(055) 03-06 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam. Mən çox gənc olmağıma baxmayaraq, hər şeyə tez əsəbiləşirəm. Sonradan isə peşman olaraq acılar yaşayıram. Bu özümdən asılı deyil və belə olmağını da istəmirəm.

İsa Rəvan: Təbii ki, nəticə hasil olursa ona səbəb olan amil də var. Sizin bu cür hala düşməyinizə səbəb olan amil isə, sinir sisteminizin pozulmasında, yəni beynin sinir hüceyrəniz digər hüceyrələrə də tez təsir edərək onları da qıcıqlandırır. Bu cür gərginlik isə ümumilikdə səhhətinizə pis təsir göstərir və bunun fəsadları da sonradan özünü büruzə verir. Yaxşı olardı ki, siz ilk növbədə əsəb həkiminə müraciət edərdiniz. Onun müayinəsi və məsləhəti ilə əsəb sakitləşdirici dərmanlar qəbul edəsiniz. Hər şeyə reaksiya verməyin, özünüzü düşünün. Tədricən yaxşı mənada irəliləyişi hiss edəcəksiniz.

Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək.

İsa Rəvan: (055) 785-84-83