İş adamının qatillərinin vəkilləri təqsirləndirilən şəxslərə bəraət istəyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Vahid Vahabovu qətlə yetirməkdə və digər cinayətlərdə təqsirləndirilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərin barələrindəki ittihamların əsassız olduğunu deyiblər və bəraət hökmünün çıxarılmasını istəyiblər. Proses iyulun 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edib. Prokuror Nurəddin Xəlilovun ömürlük, Rəşad Həşimli, Müşfiq Mikayılov, Əhməd Kərimov, Coşqun Kərimbəyli və Bahadur Məmmədovun 20 il, Fəxri Şirinzadə, Rufiz Bəyimov və Zaur Əliyevin 18 il, Pərviz Şıxaliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Samir Məmmədov və Niyaməddin Xəlilovun 16 il, Anar Rzayev, İlqar Musayev və Ceyhun Abdullayevin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın edib, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.
Mediainfo.az