Bolqarıstanda Ukraynaya dəstək verdiyi üçün müdafiə nazirini öldürmək istəyiblər
Sofiyada Bolqarıstanın müdafiə naziri Todor Taqarevi Ukrayna müharibəsi ilə bağlı mövqeyinə görə sosial şəbəkələrdə öldürməklə hədələyən 39 yaşlı kişi saxlanılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Euractiv saytı məlumat yayıb.
Sofiya Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 4-də müttəhim şəxsi sosial media profilində nazirə mesaj göndərərək onu öldürməklə hədələyib. İdarənin məlumatına görə, şəxs Ukraynadakı müharibə ilə bağlı mövqeyini bəyənmədiyi üçün Taqarevi təhdid edib.
İstintaq zamanı müəyyən edilib ki, sosial şəbəkədə hədə-qorxuların göndərildiyi profil təqsirləndirilən şəxs tərəfindən yaradılıb. Prokurorluğun qərarı ilə həmin şəxs saxlanılıb. Tagarev və Müdafiə Nazirliyi hələlik bu işə münasibət bildirməyib.
Sayt xatırladır ki, Sofiyada yeni hökumətin tərkibində olan Tagarev avropapərəstdir və Ukraynaya hərbi dəstəyin tərəfdarıdır. Bolqarıstanda heç də hamı Ukraynaya yardım göstərməyi dəstəkləmir.
Ukrayna mediası xatırladır ki, iyulun 6-da Ukrayna prezidenti Vladimir Zelenski Bolqarıstanda səfərdə olarkən prezident Rumen Radevlə Ukraynaya silah tədarükü ilə bağlı mübahisə edib.
Əziz Mustafa, Oxumeni.az