Ukrayna ilə müharibə başlayandan bəri bir milyona yaxın rus ölkəni tərk edib
Ukrayna ilə müharibə başlayandan bəri bir milyona yaxın rus ölkəni tərk edib ki, bu da 1920-ci illərdən bəri rekord sayda əhali axınıdır. Bu barədə Britaniyanın “The Economist” jurnalı yazıb.
Nəşr Rosstat-ın məlumatlarına istinadən qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə başlayan mühacirət Vladimir Putinin hakimiyyətinin ilk onilliyində azalıb, lakin 2012-ci ildə prezidentliyə qayıdışından sonra miqrasiya kəskin surətdə artıb.
Müharibə mühacirətinin ilk dalğasında 300 minə yaxın rus Rusiya Federasiyasını tərk etdi. İkinci dalğa, Putin keçən ilin sentyabrında “qismən səfərbərlik” elan etdikdən sonra başladı və gənclər hərbi xidmətə çağırılmamaq üçün sərhəd keçid məntəqələrinə qaçdılar. Re: Russia layihəsinin hesablamalarına görə, il yarım ərzində 817 mindən 922 minə qədər insan Rusiya Federasiyasını tərk edib.
Ukraynada müharibə başlayandan sonra bir milyona yaxın insanın ölkəni tərk etməsi Rusiya Federasiyasındakı çətin demoqrafik vəziyyəti daha da pisləşdirdi. Nəşr hesab edir ki, Rusiya hakimiyyəti bu dalğanın qarşısını almağa çalışacaq. Xüsusilə, avqustun əvvəlində Putin çağırışçıların ölkədən çıxışını qadağan edən qanun imzalayıb. Bundan əlavə, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığından çıxmaq prosedurunu çətinləşdirəcək sənədlər layihəsi hazırlayıb.
Əziz MUSTAFA



















































































