İsrail Ərdoğanın prezidentliyi bitənə qədər səfirini Ankaraya qaytarmayacaq

İsrail Ərdoğanın prezidentliyi bitənə qədər səfirini Ankaraya qaytarmayacaq

29 Dekabr 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident olaraq qaldığı müddətdə İsrail Türkiyədəki səfirini geri qaytarmayacaq. Bu barədə Ha'aretz yazır.

Dekabrın 27-də Ərdoğan bildirib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Netanyahu ilə Adolf Hitler arasında “heç bir fərq yoxdur”.

İsrailin baş naziri Binyamin Netanyahu isə cavabında deyib ki, “Kürdlərə qarşı soyqırım törədən və onun hakimiyyətinə qarşı çıxan dünya rekordu sayda jurnalisti həbs edən Ərdoğan əxlaqı təbliğ edə biləcək sonuncu şəxsdir”.

Noyabr ayında Ərdoğan İsrail hakimiyyətini “müharibə cinayətləri törətməkdə” ittiham etdikdən sonra İsrail hakimiyyəti səfiri Türkiyədən geri çağırıb. Ankara da daha sonra İsraildən səfirini geri çağırıb.

Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına bildirib ki, Türkiyə İsraillə diplomatik münasibətləri kəsmək imkanlarını öyrənir, lakin hesab edir ki, bu, “digər müsəlman ölkələri ilə birgə kollektiv qərar” olmalıdır – bu, belə bir tədbiri daha təsirli edəcək.

Oxuməni.az