Bəxtiyar Bilal: “Mənim soyadım Bi-laldı, mənası  «susmuşam» deməkdir”

Bəxtiyar Bilal: “Mənim soyadım Bi-laldı, mənası «susmuşam» deməkdir”

6 Yanvar 2014 15:23
Bəyəndim (0) Bəyənmədim (0)
Gənc müğənni Azərbaycan tamaşaçısına etirazını bildirdi

Məşhur "sevgi üçbucağı" bir müddət gündəmi məşğul edə bildi. Düzbucaqlı kimi görünməyə çalışdılar, lakin kor bucaq zaman-zaman iti bucağa çevrildi. Bəzən iti bucaq radiusunu dəyişərək düz xəttə döndü. Nəticədə halqaya bənzəyən həndəsi fiqur alındı.

Uzun sözün qısası, bugünkü qonağım Respublikanın xalq artisti, prezident mükafatçısı, sevimli müğənni Bilal Əliyevin qardaşı oğludur – Bəxtiyar Bilal.

- Özün haqda məlumat verərdin?
- 1984-cü ilin dekabrın 15-də Bakı şəhərində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq: qardaşım Nihad və mən. Anam Salyandan, atam Neftçaladandır. 10 ildir oxuyuram.

- Necə oldu ki, müğənni oldun?
- Hələ kiçik yaşlarımdan dayımın kasetlərinə, evdə oxumağına baxıb həsəd aparırdım. Onun mahnılarını öyrənirdim və məni İncəsənət Gimnaziyasına Oqtay Rəcəbovun yanına gətirdilər. Oqtay müəllim məni mərhum sənətkarımız Tükəzban İsmayılovanın yanına aparıb tanış etdi və sənətimin ilk addımlarını buradan başladım.

- İlk müəllimin kim olub?

- Primadonna İlhamə xanım, anası mərhum sənətkarımız Tükəzban İsmayılova olub. Sonra isə Xalq artisti mərhum Mirzə Babayev olub müəllimim.

- İlk dəfə istedadını kim kəşf elədi?
- Özüm kəşf etmişəm. Mən hər bir kəlməni zümzümə edəndə onu ürəyimə salıb, sonra tələffüz edirəm. Ona görə də mənə qulaq asan hər kəs içində özünü tapır.

- Səncə, şou-biznesin qanunlarını kim yazır?

- Təbii ki, hər bir evdə böyük olan kimi bizim Primadonnamız İlhamə xanım yazır.

- Bəs şou-biznesin açarı kimin əlindədir?
- Şou-biznes pulun üzərində qurulur və bir qoyub, yüz götürürsən, sənətin oldu, olmadı.

- Musiqi təhsilin hansı səviyyədədir?
- 11 ildir bu sənətdəyəm. İncəsənət Gimnaziyasının Xalq çalğı alətləri şöbəsində muğam sinfində və vokal sinfində təhsil almışam. Teatr şöbəsində isə səhnə danışığı, səhnə hərəkəti dərsləri almışam. Bir çox sənətkarlardan dərs almışam.

- Çoxlarının gözünü yaşlı qoymusan?
- Əlbəttə ki, insan ömrüdür, yaşadıqca hər şey olur. Olub da, çoxları gözüyaşlı qalıb. Bu, mən istəmədən olub.

- Hansısa xanımdan istifadə etmisən?
- Günlərin birində mən oxuduğum restorana gələndə ofisiant yaxınlaşıb: "Bəxtiyar müəllim, bu sizə çatacaq" dedi. Bir bağlama idi. Aldım ki, içində maşın açarı var. Çıxıb bayırda "Toyota Camry" avtomobilini gördüm. Sevindim, avtomobilimi qəzadan sonra itirmişdim. Lakin birdən ayılıb hədiyyəni kimin göndərdiyini soruşdum. Dedilər, sənətimə dəyər verən, mənim vurğunlarımdan olan bir xanım göndərib. Mən o hədiyyəni geri göndərdim, götürmədim. Bir az toxundu mənə. Bəlkə də kişilik xüsusiyyətim imkan vermədi, kişi qadından hər cəhətdən yüksəkdir. Hər zaman mən belə düşünürəm.

- Düzünü desəm, mən bu hadisənin həqiqiliyinə inanmadım. De görüm, qalmaqalla müşayiət olunan məşhurluğa necə baxırsan?
- Əvvəllər pis baxsam da, indi çox normal baxıram.

- Qısqanc insansan?
- Hə, qısqancam, özü də dəli kimi.

- Səni nə əsəbiləşdirə bilər?
- Dayım Bilal Əliyev haqqında olan suallar məni çox əsəbiləşdirir.

- Onda de görüm, Bilal müəllim sənə qarşı niyə belə əsəbidir?
- Mən yenə deyirəm, onun adından istifadə etməmişəm. Uşaq ikən o özü mənə demişdi ki, dayı qocalsa, dayıya baxarsan, adını üstünə götürərsən, mən də demişdim: baş üstə. İndi mən bu səhnədə bu qədər əzab-əziyyət çəkəndən sonra onun irəli sürdüyü iddiadan sonra ki, "mənim adımı çəkməsin, yoxsa pis olar", mən də deyirəm, əcəb eləyib Bilal ləqəbini götürmüşəm. İnsan öldüyü günü fikirləşməlidir, sənin tabutunu yerdən kim götürəcək? Bu böyük məsələdir, dünyanın işini bilmək olmaz. Səndən qabaq mənim tabutumu sən götürə bilərsən, amma qəbrim od tutub yanar. Ona görə ki, mən bilmirdim ki, Bilal Əliyev mənim mehriban düşmənimdi. Sənin adında mənim dayım yoxdur. Nə deyirəm, düz deyirəm.

- Toyda başına maraqlı hadisələr gəlirmi?
- Günlərin bir günü toya getmişəm. Birinci mərtəbədə oxumalıyam, çıxıb ikinci mərtəbədə oxumuşam. Bəyin ikisinin də adı Kamran idi deyə, səhv salmışam. Oxudum, pulumu da aldım. Sonra ikinci mərtəbənin toy yiyəsinin atası məni görüb dedi: "Bəxtiyar, gəlmisən, gəl oxu da". Səssizcə gedib oxudum, çıxıb getdim. Heç kim də hiss eləmədi.

- Səmimi ol, yeni səhnəyə gələnlər necə olur ki, bir ay keçməmiş maşın, ev alır?
- Baxır zövqlərə, yəni kimin xoşuna nə gəlir, yaxud fanatları artır, toylar çoxalır, yaxud da sponsor tapılır. Müxtəlif fikirlər ola bilər.

- Şou-biznesin bəzəkli kişilərinə münasibətin necədir?
- Bilirsiniz necədir, kişinin adını ona görə kişi qoyublar ki, sözü bütöv, hərəkətləri, əməlləri ağır təbiətli, hökmlü olsun.

- Həyatda neçə dəfə sevmək olar?

- İnsan həyatda bir dəfə sevə bilər. Sonrakı sevgi olmur, öyrəşməkdir. Odur ki, birinci dəfə sevirsən, ikincidə öyrəşirsən, sevirsən.

- Ailə sözü nə deməkdir sənin üçün?
- Ailə müqəddəs bir şeydir. Bəzi varlıqlar var ki, onlar müqəddəsdir. Həyatda Allah, "Quran", ata-ana mənim üçün müqəddəsdir.

- Kimlərin ifalarını dinləyirsən?
- Flora Kərimovaya, Teymur Əmraha, Sərxan Sərxana, Akif İslamzadəyə, Mirzə Babayevə və s. qulaq asıram.

- Nədən qorxursan?
- Sevdiklərimi itirməkdən, kiminsə əlimdən almağından çox qorxuram. Həyatın qanunu olsa belə, qorxuram.

- Bəzi sənət dostların səni niyə bəyənmir?
- Şou-biznes əhli məni ona görə bəyənmir ki, mən canlı ifa edirəm. İkincisi, görünüşüm, boyum, buxunum kişi kimi sözüm var və mən səhnəyə çıxandan sonra onlar üçün davam etdirmək çətin olar. Boğazımda 99 səs var, hamısını çatdırıram insanlara.
- Ən yaxın həmdəmin kimdir?
- Ən yaxın həmdəmim daxili məndir. Onunla bölürəm dərdimi, sərimi.

- Hamı bilir ki, qalmaqal edib gündəmə gəldiniz. Bunun sizə nə faydası oldu?
- 10 ildən artıqdır ki, mən Azərbaycan səhnəsində müxtəlif tədbirlərdə iştirak edirəm. Lakin məni heç kim tanımırdı. Axırda təkcə gəlib məhəbbət üçbucağı yaratdım və bununla da hamı məni tanıdı. Hər kəs başa düşür ki, mən belə səhvə yol vermərəm, sadəcə bu bir səbəb idi. Gərəkdimi mən özümü biabır edim, sonra hamı məni tanısın? Xalqıma ünvanlanır bu sualım. Bu qalmaqaldan sonra toylarımız da artdı, məclislər də artdı. Hətta elə şəxslər var idi, bizi görmədən məclisinə dəvət edirdi. Biz üç insanıq, necə yaşayırıq, çox maraqlı oldu hamıya.

- Bunun üçün Bilal Əliyevin adından istifadə etməyə dəyərdimi?
- O kimdir? Mən elə adam tanımıram. Mənim soyadım Bi-laldı, mənası "susmuşam" deməkdir. Dayılarımın heç birinə soyadımın dəxli yoxdur.

- Efir vasitəsi ilə dayın sənə hədə-qorxu gəldi. Heç məsuliyyət götürmədin özünə?
- Hamı bilsin, mən Allahdan qorxuram. Heç kim mənə hədə-qorxu gələ bilməz.

- İlk məhəbbətin kim olub?
- Elə ilk məhəbbətim olub, gözü yaşlı sevgi dünyamı alıb məndən. Dəhşətli sevgi mahnılarımın acısı, onun iztirabıdır yanıqlı səsim.

- Məndə olan məlumata görə, ailəndən ayrılıbsan...
- Düzdü, ailəm olub, ayrılmışam. Amma ailəm hazırda yanımdadır, bir balaca qızım var, adı Fatimədir, II sinifdə oxuyur. Sadəcə, ailəmlə sənətim arasında mübahisə düşdü və mən sənətimi seçdim. Çünki mən bunu etməsəydim, ailəmin vəziyyəti çox pis olacaqdı. Seçdim, uğur da qazandım. Hazırda uğurlarımı ailəmlə bölüşürəm.

- Bütün internet portallarında sizin çox isti münasibətdə şəkilləriniz var Nigarla. Onunla bir eşq yaşadığınız doğrudurmu?

- Kim necə fikirləşir, fikirləşsin. Nigarla bizim bölüşə bilmədiyimiz ikimizin bir sevgisi var - dostluqdu bunun adı.

- Həyatdan nə istəyirsən?
- Həyatdan yalnız güc istəyirəm ki, ürəyim istəyən kimi bu sənətdə tanınım, irəlidə olum. Valideynlərimə, ailəmə can sağlığı istəyirəm.

- Şou-biznesdə vəziyyət necədir?
- Vəziyyət bərbad gündədir. Təzə kim nə edib ki? Heç kim heç nə etmir. Hamısı köhnə mahnılardı, yenilik yoxdur. Heç nə. Səhnənin ulduzu şəxsən özüməm, əlçatmazam.

- Yeni ili harda qeyd edəcəksiniz?
- Bu il şou-proqramlara çox dəvət almışam. Yeni ili Moskvada azərbaycanlılarla qeyd edəcəm.

- Özündən niyə bu qədər razısan?

- Allahımdan çox razıyam. Mənə nə veribsə, Rəbbim verib, ona borcluyam. Allahın bəxş etdiklərinə görə öyünüb özümdən razıyam.

- Deyirlər, müğənnilərin işi jurnalistlərdən keçir. Bu fikrə münasibətin?
- Bəli, müğənnilər sizin kimi gözəl jurnalistlərdən asılıdır. Siz yayımlamasanız, bizim dərdimizi kim bilər, kim tanıyar bizi?

- Şəlalə sənin yadında necə qaldı?
- Şəlalə dağdan-daşdan gələn sudur, saflıqdır.

- Yeni ildə arzuların...

- Yeni ildə "Oxu məni" qəzetinin kollektivinə arzum odur ki, həmişə uğurlarınız bol olsun!

Şəlalə Nəriman