Ukrayna komandanlığı və separatçılar ağır texnikanı geri çəkməyəcəklər
Ukraynanın şərqindəki separatçılar ağır artilleriya və hərbi texnikanı öz cəbhədən geri çəkməyəcəklərini bəyan ediblər. Apa-nın RBK-ya istinadən verdiyi məlumata görə, Donetsk separatçılarının nümayəndəsi Eduard Basurin hələlik ağır texnikanı təmas xəttindən çəkmək üçün lazımi şəraitin olmadığını söyləyib: "Yalnız atəş dayandırıldıqdan sonra ağır silahların geri çəkilməsinə başlamaq olar. Əgər Ukrayna Silahlı Qüvvələri atəşi dayandırmazsa, Donetsk Xalq Respublikası ağır silahları təmas xəttindən geri çəkməyəcək".
Ukrayna tərəfi də bənzər açıqlama ilə çıxış edib. Antiterror əməliyyatının spikeri Andrey Lısenko daimi atəş şəraitində ağır silahları geri çəkməyə hazır olmadıqlarını vurğulayıb: "Ağır texnikanı geri çəkmək üçün Minsk sazişinin 1-ci maddəsi – atəşin dayandırılması təmin olunmalıdır. Bir sutkada 112 dəfə atəş açılıb. Bu, atəşkəs deyil. Ona görə də biz hələ ağır texnikanı geri çəkməyə hazır deyilik".
Xatırladaq ki, fevralın 15-də Donbassda atəşkəs sazişi qüvvəyə minib. Lakin tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.
Mediainfo.az