Masallıda Zəngilanın işğalının 22 illiyinə həsr olunmuş tədbir keçirildi

Masallıda Zəngilanın işğalının 22 illiyinə həsr olunmuş tədbir keçirildi

27 Oktyabr 2015 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

27 oktyabr 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 22 illiyinə həsr olunmuş tədbiri keçirildi

Tədbirdə münaqişə zamanı həlak olan zəngilanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, Azərbaycanın dilbər guşələrindən olan bu rayon erməni işğalçıları tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunmuşdur. İşğaldan əvvəl rayon düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanılmışdır. Həmin çətin məqamlarda ulu öndər Heydər Əliyev İran İslam Respublikası ilə danışıqlar aparmış, bu danışıqların nəticəsi olaraq əldə edilən razılaşmaya əsasən Araz çayının suyunun azaldılması təmin edilmiş və zəngilanlıların İrana keçməklə düşmən mühasirəsindən xilası mümkün olmuşdur. Bu gün doğma Vətən, torpaq həsrəti ilə yaşayan zəngilanlılar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmışlar. Zəngilanın, onun qəsəbə və kəndlərinin, çoxlu sayda səhiyyə, təhsil müəssisələrinin, digər sosial obyektlərin düşmən tərəfindən zəbt edilərək talan olunduğunu bildirən C.Manafov, eyni zamanda, mənəvi itkilərin daha çox, daha dəhşətli olduğunu xatırlatmışdır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Zəngilan 233 şəhid vermişdir. Digər bölgələrdən olan onlarla Vətən övladı da rayonda gedən döyüşlərdə doğma torpaq yolunda canından keçdiyini bildirən Camal Manafov düşmən tərəfindən zəbt edilmiş bütün torpaqlarımızın dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və doğma yurd-yuvasından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına dönəcək, ədalət qalib gələcəkdir

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oqtay Mütəllimov, Təhsil şöbəsinin metodistləri tarixçi Əyyar Burhanov , Masallı rayon ehtiyatda olan zabitlər konfederasiyasının sədrinin birinci müavini Camaləddin Məmmədov çıxış edərək Zəngilanın tarixi, mədəniyyət abidələri işğala qədər və işğaldan sonrakı vəziyyəti baradə məruzə ilə çıxış etdilər. Onlar, məruzəsində Zəngilanın 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu, rayonun işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alındığını və on minlərlə insanın qırılmaq təhlüksi il üz-üzə qaldığını bildirdilər.

Daha sonra tədbirdə fəal gənclərdən Xanlar Ağayev , Cümşüd Müzəffərli və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü, prinsipial, vətənpərvər siaysət nəticəsində ermənilərin bölgədə həyata keçirilən bütün inkişaf və qlobal layihələrdən kənarlaşdırıldığını, Azərbaycan ordusuna ayrılan vəsaitin Ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələdiyini qeyd etdi, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirdilər.

Tədbirin sonunda iştirakçılara Masallı rayon Gənclər və İdman İdarəsini tərəfindən hazırlanmış broşürlər paylanıldı.

Əlihüseyn ŞÜKÜROV