Bahar Muradova Rafiq Tağının müəmmalı qətli barədə danışdı

Bahar Muradova Rafiq Tağının müəmmalı qətli barədə danışdı

2 Dekabr 2011 13:17
Bəyəndim (0) Bəyənmədim (0)
"Azərbaycan dövləti hər hansı bir şəxsin sayıqlamasına reaksiya verməməlidir"

Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova "Media forum" saytının yazıçı-publisist Rafiq Tağıya sui-qəsdlə bağlı suallarını cavablandırıb. B.Muradova bildirib ki, bir insanın qətlə yetirilməsi, özü də belə xaincəsinə arxadan vurulması çox təəssüf doğuran haldır.

R.Tağının qətlinin İranda onun ölümünə fitva verilməsi ilə bağlı olması ehtimalı ilə bağlı sualı cavablandıran B.Muradova bildirib ki, səslənən bütün ehtimallar hüquq-mühafizə orqanlarına öz işlərini görmək üçün ip ucu sayıla bilər: "İstintaq qrupu bu ehtimalların hər birini yoxlamalıdır. Amma bir siyasətçi kimi bu qətlin arxasında hansı qüvvələrin, kimin dayandığını qəti şəkildə söyləyə bilmərəm. Hesab edirəm ki, bunu söyləmək doğru olmaz. Ayrı-ayrı ölkələrdə bizim vətəndaşlar haqda hansısa fitvaların, qərarların verilməsinə gəlincə, mən bunu doğru saymıram. Həmin ölkələrin hüquq-mühafizə orqanları belə fitvalar, qərarlar verənlərə öz münasibətini bildirməlidir".
R.Tağının ölümünə fitva vermiş iranlı ayətullahlardan birinin - Məhəmməd Fazil Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkərani Azərbaycan Respublikası əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsinə görə müsəlmanları təbrik etməsinə Azərbaycanın rəsmi qurumlarının reaksiya verməməsi ilə bağlı isə B.Muradova bunu deyib: "Əgər İran rəsmiləri hansısa fikir səsləndirmiş olsaydı, onda Azərbaycan dövlətindən belə bir cavab, reaksiya verilməsini tələb etmək olardı. Deyirsiniz ki, bu şəxs İran mollasıdır. Molla belə bir fikirlər səsləndirib. İran mollasının səsləndirdiyi fikirlərə qoy Azərbaycandakı mollalar cavab versin də. Niyə cavab vermirlər? Azərbaycan mollaları cavab versin və desinlər ki, öz ölkəndəki dini işlərlə məşğul ol, bizim dövlətin dini işlərinə qarşıma. Azərbaycan dövləti hər hansı bir şəxsin sayıqlamasına reaksiya verməməlidir. Amma hüquq-mühafizə orqanları öz işlərini görəcəklər".
B.Muradova deyib ki, bir qələm sahibinin, ümumiyyətlə, bir insanın qətlə yetirilməsinə sevinənlərin insanlığa sığmayan mənəviyyat və hərəkət sahibi olduqlarını düşünür.

O.M.