Azərbaycan tarixindəki dəhşətli zəlzələlər – 300 min adam ölüb

Azərbaycan tarixindəki dəhşətli zəlzələlər – 300 min adam ölüb

19 Fevral 2023 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə baş verən dəhşətli zəlzələ bu təbii fəlakətin vəhşətini yenidən göz önünə gətirir. Tarix boyu zəlzələlər bütöv şəhərləri yox edib, onları xəritədən silib. Azərbaycan da bu dəhşətli fəlakətə şahidlik etmiş coğrafiyada yerləşir.

Oxuməni.az “Yeni Sabah”-a istinadən Azərbaycan tarixində böyük tələfatlara səbəb olan zəlzələlərin xronologiyasını təqdim edir.

Yazılı mənbələrdə Azərbaycan ərazisində baş vermiş ən güclü zəlzələ kimi 427-ci ildə Gəncə şəhərində baş vermiş təbii fəlakət göstərilir. Zəlzələ Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verib. Nəticədə minlərlə insan həlak olub. Azərbaycanın seysmoloji tarixinin əsası da bu ildən başlanır.

Növbəti dəhşətli zəlzələ də Gəncə şəhərində olub. Zəlzələ 1139-cu ildə sentyabrın 30-da Gəncədən 50 km cənubda baş verib. 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

Təbii fəlakətdən istifadə edərək, çar Demetre və baş komandan İvane Mxarqrdzelinin başçılığı ilə gürcü qoşunları şəhərə hücum ediblər. Səlcuq sultanının canişini Qara Sunqur öz qoşunları ilə Gəncəyə yollanaraq və Gəncə yaxınlığındakı döyüşdə gürcüləri məğlub edib. Həmçinin Qara Sunqurun başçılığı ilə şəhərin yenidən bərpasına başlanılıb.

1667-ci il noyabrın 25-də Şamaxı şəhərində 6.9 bal gücündə baş verən zəlzələ zamanı 80 min nəfər həlak olub. Şəhərin üçdə biri darmadağın olub. Bu zəlzələ haqqında Azərbaycanda olmuş məşhur holland səyyahı Jan Streys öz gündəliyində yazırdı ki, bu zaman həlak olan təkcə hərbi səfərbərliyə alına biləcək kişilərin sayı 80 mindən artıq olub. Səyahətçi həmçinin orada olduğu müddətdə də tez-tez kiçik zəlzələ təkanlarının hiss olunduğunu vurğulamışdı.

1842-ci ildə Bakı şəhəri də silkələnib. Yanvar ayının 2-də olan 5 ballıq zəlzələ zamanı Maştağa kəndində 700 evin hamısı dağılıb.

1859-cu ildə Şamaxıda yenidən zəlzələ olub. Dekabrın 2-də baş verən zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılıb. O zaman Azərbaycanın ərazisi Rusiya imperiyasının tərkib hissəsi idi və Şamaxı quberniyasının mərkəzi Şamaxı şəhəri idi. Şəhər dağıldığı üçün Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü və eyni zamanda quberniyanın adı dəyişdirilərək Bakı quberniyası adlandırıldı.

Şamaxı 1902-ci ildə yenidən zəlzələ imtahanı ilə üzləşib. Yanvar ayının 31-də baş verən zəlzələ vaxtı Şamaxıda 22.000 sakin yaşayırdı. Gündüz saat 12 radələrində, baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olub.

Bu zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid dağılıb.

1931-ci ildə Zəngəzurda da zəlzələ olub. Aprelin 27-də baş verən zəlzələ 100 min km2 sahədə hiss edilib. Ermənistan SSR və Naxçıvan MSSR-də insan tələfatı olub, 100-ə qədər kənd tamamilə yaxud qismən uçub. Bəzi kəndlərdə təkanın gücü 8 baldan artıq olub.