Bakıda dəhşətli yanğın: Bağçadan 41 uşaq xilas edildi

Bakıda dəhşətli yanğın: Bağçadan 41 uşaq xilas edildi

12 Dekabr 2023 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yanğın olub, yolda sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Yeni Sabah”a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.

"Sürücülərdən nəzərə almaları xahiş edilir", - deyə məlumatda qeyd olunub..

Hadisə haqda FHN də məlumat yayıb. Xəbərdə bildirilir ki, Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.