15 il öncə İrəvandan Soçiyə uçan təyyarənin qəzaya uğramasının sirləri

15 il öncə İrəvandan Soçiyə uçan təyyarənin qəzaya uğramasının sirləri

31 Mart 2021 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

3 may 2006-cı ildə Ermənistanın “Armavia” aviaşirkətinə məxsus “Airbus A320-211” təyyarəsinin İrəvan-Soçi reysini icra edən pilotları dispetçerlərin bir neçə dəfə hava şəraiti ilə bağlı xəbərdarlıqlarına baxmayaraq eniş etməyə cəhd göstəriblər. Son dəqiqələrdə təyyarə ilə dispetçer məntəqəsi arasında rabitə əlaqəsi kəsilib. Bir neçə dəqiqədən sonra isə təyyarənin Qara dəniz sahilindən 6 kilometr aralı məsafədə qəzaya uğrayaraq dənizə düşməsi haqqında məlumatı yayılıb.

Oxuməni.az musavat.com-a istinadən xəbər verir ki, bu hadisə Ermənistanın aviasiya tarixinə ən böyük təyyarə qəzası kimi düşüb. Bununla yanaşı, hadisə həm də qəzanın əsl səbəblərinin gizli və müəmmalı qalması ilə yadda qalıb.

Maraqlıdır, Soçi hava limanına eniş etməyin mümkünsüz olduğu hava şəraitində pilotlar eniş etməkdə niyə bu qədər israrlı olublar? Real qəza təhlükəsi ilə üz-üzə qaldıqları halda onları Soçiyə mütləq eniş etməyə nə və kim vadar edib?

İrəvandan Soçiyə uçan təyyarə növbəti reysini, yuxarıda qeyd etdiyimiz kimi, 3 may 2006-cı ildə icra edib. Təyyarə İrəvanın “Zvartnots” hava limanından yerli vaxtla gecə 00.47-də havaya qalxıb. Gürcüstan ərazisindən keçəndə ərazi dispetçerləri pilotlara Soçidə hava şəraitinin uçuş üçün məqbul olmadığı barədə xəbərdarlıq ediblər və təyyarənin geri, İrəvana qayıtmasının, yaxud ehtiyat aerodroma enməsinin zəruri olduğunu bildiriblər. Pilotlar bu xəbərdarlıqdan sonra kursu dəyişərək geri, İrəvana istiqamət alıblar. Amma hansısa səbəblərdən cəmisi bir neçə dəqiqədən sonra təyyarə yenidən Soçiyə istiqamət götürüb. Soçiyə yaxınlaşanda pilotlar Soçi hava limanının dispetçerlərindən eniş zolağının verilməsini istəyiblər. Dispetçerlər eniş üçün hətta minimum hava şəraitinin olmadığını bildirərək vaxt qazanmaq üçün onlara hava məkanında daha bir dəfə dövrə vurmağı tövsiyə ediblər. Bir neçə dəqiqədən sonra təyyarə ilə dispetçer məntəqəsi arasında növbəti əlaqə yaradılıb. Bu əlaqə zamanı konkret olaraq təyyarənin heyət üzvlərinə Soçi hava limanına eniş etməyin mümkün olmadığı bildirilib və İrəvandan uçan təyyarənin geri qayıtmasını, yaxud da Gürcüstan ərazisində ehtiyat aerodromlara düşməsini təklif ediblər.

Daha bir neçə dəqiqiədən sonra irəvanlı pilotlar növbəti dəfə dispetçerlərlə əlaqə yaratmağa cəhd ediblər. Amma rabitə kəsilib. Bütün bu xəbərdarlıqlara baxmayaraq, pilotlar təyyarəni hava limanına endirməyi qərara alıblar. Üçüncü cəhddən sonra təyyarənin idarəetmə sistemi pilotlara “tabe” olmayıb və o, 02.13 dəqiqədə sahildən 6 kilometr aralıda Qara dəniz üzərində sürətini tam itirərək qəzaya uğrayıb və dənizə düşüb. Təyyarədə 113 nəfər olub -105 sərnişin, 8 ekipaj üzvü. Sərnişinlərdən 77 nəfəri Ermənistan, 26 nəfəri Rusiya, 1 nəfər Ukrayna, 1 nəfər Gürcüstan vətəndaşı, 8 nəfər ekipaj üzvünün hamısı isə Ermənistan vətəndaşları olub. Dənizin 514 metr dərinliyinə düşən təyyarədə heç kim sağ qalmayıb.

Hadisədən dərhal sonra Dövlətlərarası Aviasiya Komitəsi qəzanın səbəblərini araşdırmağa başlayıblar. Bununla yanaşı, qəza ilə bağlı Ermənistanda və Rusiyada xüsusi komissiyalar yaradılıb. Araşdırmaların nəticələri 12 fevral 2007-ci ildə açıqlanıb. Qəzanın səbəbi pilotlarla dispetçerlərin qarşılıqlı anlaşılmazlıqları və əsasən təyyarə heyəti üzvlərinin dispetçerlərin xəbərdarlıqlarına əməl etməməsi, təyyarədə texniki nasazlıqların olması göstərilib. Bu cür səthi nəticə avisiya mütəxəssislərini və təyyarədə həlak olanların ailələrini qane etməyib və bu msələdə onlar ortaya kifayət qədər arqumentlər qoyublar.

Onlar nədən ibarət olub?

3272295.jpg (143 KB)

Birincisi, təyyarə reysi icra etməzdən əvvəl texniki baxışdan keçirilib və heç bir texniki nasazlıq faktı qeyd olunmayıb. Bununla bağlı müvafiq sənədlər olub.

İkincisi, təyyarə heyətinin komandiri 40 yaşlı Qriqor Qriqoryan peşəkar pilot olub. Hadisəyə qədər o, 5438 saat uçuş edib ki, bu da onun kifayət qədər təcrübəli olmasından xəbər verir. Təcrübəli komandirin isə dispetçerlərlə anlaşılmazlığı mümkünsüz sayılıb.

Üçüncü arqument isə təyyarənin hava xəbərdarlığından sonra Gürcüstan ərazisindən İrəvana qayıtdığı halda, yenidən Soçiyə istiqamət alması müəmması olub.

Sonralar bütün bu müəmmalar haqqında uzun illər Ermənistan və Rusiya hava yollarında çalışan, veteran təyyarəçi Vladimir Poqosyan belə açıqlama verib:

“Qəzanın səbəbi rəsmi olaraq insan faktorı ilə əsaslandırılıb. Yəni, pilotlar səhvə yol veriblər. Bu mümkün deyil. Uzun illər eyni reysi icra edən təcrübəli pilot saniyələr ərzində dispetçerlərin xəbərdarlıqlarına mütləq şəkildə reaksiya verirlər. Bunun üçün heç təcrübəli pilot olmaq da lazım deyil. Ortaya sual çıxır. Nəyə görə Gürcüstan ərazisində hava xəbərdarlığından sonra pilotlar İrəvana qayıtmaq qəraraını verdikləri halda yenidən təyyarənin kursunu dəyişərək Soçiyə istiqamət alıblar? Təyyarədə olanlardan kimsə onları buna vadar edib. İkinci sual ortaya çıxır: Soçidəki xəbərdarlıqdan sonra pilotlar eniş etməyə nəyə görə cəhd ediblər? Axı bu real ölüm deməkdir. Bu dəfə də onları məcbur ediblər. Həmin təyyarədə 40 kiloqram çəkisi olan bağlama olub. Həmin bağlama kimlərinsə tapşırığı ilə həmin gün mütləq Soçiyə çatdırılmalı idi. Elə bu “mütləq”ə görə də təyyarənin nəyin bahasına olursa-olsun Soçiyə enməsini pilotlardan tələb ediblər. Pilotlar bundan imtina etmək istəyəndə təyyarədə atışma olub. Bütün bunları araşdırmaq istəmirlər. Görünür, “yuxarılar” buna imkan vermir...”

Qəza ilə bağlı daha bir versiya da səsləndirilib. Belə ki, bu versiyaya görə sərnişinlər arasında Ermənistanın kriminal aləminin üzvləri olub və onlar uçuş zamanı təyyarədə olan digər sərnişin, 1988-1990-cı illərdə Ermənistanın daxili işlər naziri, sonra isə Ermənistan DTK-nın sədri vəzifəsində işləyən general-mayor Usik Arutunyandan qisas almaq üçün silahdan istifadə ediblər. Bu zaman sərnişinlər arasında qarşıdurma yaranıb və onlar pilotları özlərinə tabe edərək ağıllarına gələn göstərişləri veriblər ki, bu da sonda qəza ilə nəticələnib.

Beləliklə, 15 il əvvəl baş vermiş qəzanın müəmmaları, əsl səbəbləri bu günə qədər sirli qalır.