Stalinin anasına söyən generalın aqibəti – Qordov Abakumovun tələsinə düşüb

Stalinin anasına söyən generalın aqibəti – Qordov Abakumovun tələsinə düşüb

16 Sentyabr 2021 06:41
Bəyəndim (0) Bəyənmədim (0)

İosif Stalin hakimiyyətdə olduğu 30 il ərzində ən çox yüksək ranqlı hərbçilərdən ehtiyat edib. Hakimiyyətdə mövqelərini möhkəmləndirdikdən sonra o, həm müharibədən əvvəlki dövrdə, həm də müharibədən sonrakı illərdə marşal və generalları böyük ustalıqla “səhnə”dən uzaqlaşdırıb.

Buna birinci səbəb, xüsusilə SSRİ-nin qələbəsi ilə sona çatan müharibədən sonrakı dövrdə hərbçilərin qazandığı nüfuz, ikinci səbəb isə ölkədə hərbi çevrilişə cəhd qorxusu olub. Beləliklə, bu qorxuları dəf etmək üçün Stalin “repressiya üsulu”ndan səmərəli istifadə edib. Bu sırada güdaza gedən hərbçilərdən biri də general-polkovnik Vasili Qordov olub.

1947-ci ilin yanvarın 12-də SSRİ dövlət təhlükəsizliyi naziri Viktor Abakumov Stalinə məxfi qrifli məktub ünvanlayıb. Nazir məktubda Stalindən general Qordovun həbsi üçün razılıq istəyib. Məktuba səsyazısı da əlavə olunub. Həmin səs gizli qurğu vasitəsilə 1946-cı ilin dekabrın 28-də və dekabrın 31-də Qordovun mənzilində yazılıb.

Dekabrın 28-də generalın mənzilində cəbhə dostları Yeni il münasibətilə məclis qurublar. Məclis zamanı general Vasili Qordov və general Filip Rıbalçenko arasında olan söhbət hər ikisinin həyatına son qoyub. Məhz onların arasındakı danışıqlar Stalinə təqdim edilib. Həmin səsyazısında aşağıdakı fikirlər də əks olunub:

Qordov: "Gəlib bu dövrü də gördük, uzanıb ölmək olar. Hələ məhsul olmasa vəziyyət daha da gərgin olacaq".

Rıbalçenko: "Məhsul haradan olmalıdır ki? Əkib becərməyəndə məhsul olmur".

Qordov: "İndi hər şey rüşvətin və yaltaqlığın üzərində qurulub. Əvvəl bir nəfər ölkəyə rəhbərlik edirdi, indi onlarla nazir özünü padşah sayır".

Rıbalçenko: "Adam ətrafına baxanda dəhşətə gəlir, hamı narazıdır, hamı çətinlik içərisindədir. Xarici ölkələrdə işsizlərə bizim ölkədəki generallardan daha yaxşı baxırlar. Əhali dilənçi vəziyyətində, yuxarılar isə istədikləri kimi yaşayır" .

Qordov: "Mən bir şeyə təəccüblənirəm ki, Stalin bunları görmür".

Rıbalçenko: "O, hər şeyi yaxşı görür və yaxşı bilir. Sadəcə Stalin də hakimiyyətdəki yolunu azıb".

Qordov: "Azıb və çıxış yolu tapa bilmir".

Rıbalçenko: "Ya bu ölkədən çıxıb getmək lazımdır, ya da Stalinə qarşı mübarizəyə qalxmaq gərəkdir".

Qordov: "Sən Stalini yaxşı tanımırsan? Yoxsa ətrafındakı yaltaq cəlladlara bələd deyilsən?”.

GordovVN.jpg (61 KB)

Və 11 səhifəlik mətnə çevrilən səsyazısında generallar Stalinin ünvanına sərt fikirlər səsləndiriblər.

İkinci səs yazısı üç gün sonra, 1946-cı ilin dekabrın 31-də yazılıb. Yeni il gecəsində Qordovun mənzilində heç bir bayram təntənəsi olmayıb. General yeni ili çox sönük şəkildə həyat yoldaşı ilə birlikdə qarşılayıb. Saat 23:30-da yatağına uzunan Qordov öz-özünə danışmağa başlayıb, az sonra isə bu danışığa həyat yoldaşı da müdaxilə edib:

Qordov: "Mən ölmək istəyirəm, belə yaşamaq olmur. Mən heç kimə yük olmaq istəmirəm. Bu alçaqların arasında yaşamaq çətindir".

Tatyana Vladimirovna: "Sən ölməməlisən, əksinə bu şərəfsizlərdən qisas almalısan, mübarizə aparmalısan".

Qordov: "Bu yaramaz Stalin (ana söyüşü ilə ifadə edib) müharibə vaxtı məni yanına çağırırdı, ən ağır hərbi dairələrə komandan göndərirdi, orden və medalları mənə şəxsən özü təqdim edirdi. İndi bu alçaq (növbəti dəfə söyüşlə ifadə edib) məni tanımaq istəmir" .

Tatyana Vladimirovna: "Vasili, sən onun qəbuluna get, mütləq onun qəbuluna düş".

Qordov: "Mən niyə getməliyəm axı? O məni çağırmalıdır, əvvələr çağırdığı kimi, çağırıb xahiş etməlidir. Yoxsa müharibə vaxtı aciz durumda qalmağa yadından çıxıb?...”

812764.jpg (66 KB)

43 dəqiqə davam edən söhbətdə general Stalinin ünvanına dəfələrlə ən ağır söyüşləri yağdırıb.

Abakumovun təqdim etdiyi səsyazılarına Stalin təmkinlə qulaq asıb, dəfələrlə anasına söyüldüyünü öz qulaqları ilə eşidib. O, heç bir fikir bildirmədən məktubun üstünə sakitcə dərkənar qoyub: “Həbs edilsin”.

General Qordov Abakumovun iştirakı ilə həbs edilib. O, Lefertovo həbsxanasında saxlanılıb. Qordov haqqında vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb. 24 avqust 1950-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Vasili Qordov haqqında güllələnmə hökmü çıxarıb. Hökmün icrası həmin gün Lefertovo həbsxanasında icra edilib. Səhərisi gün Qordovun “həmsöhbəti” Rıbalçenko da güllələnib.

812762.jpg (79 KB)

Qeyd edək ki, 1896-cı ildə Ufada anadan olan Vasili Qordov müharibə illərində ən ağır cəbhələrdə xidmət edib. Onun cəbhə yolları Stalinqraddan, Ukraynadan Belarusiyadan Çexoslovakiyadan, Berlindən keçib. General-polkovnik Vasili Qordov hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə ən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb, 1945-ci ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Ancaq bütün bu xidmətlərinə baxmayaraq, 1946-cı ildə Stalinin generallara qarşı başlatdığı “təmizlik” işlərində Qordov səhhətində “yaranmış” problemlərə görə istefaya göndərilib.

5 iyul 1960-cı ildə general-polkovnik Vasili Qordova (ölümündən sonra) tam bəraət verilib. Onun bütün dövlət mükafatları bərpa olunub. Musavat.com