“Böyük Yekaterinanın nahar servizi əməliyyatı” – ABŞ Qorbaçovun əsas rəqibini necə ləğv etdi

“Böyük Yekaterinanın nahar servizi əməliyyatı” – ABŞ Qorbaçovun əsas rəqibini necə ləğv etdi

27 Noyabr 2021 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qriqori Romanovu Leninqradda “xozeyin” adlandırırdılar. Onun fəaliyyəti müxtəlif cür qiymətləndirilir: bəziləri Romanovu güclü rəhbər, yaxşı təşkilatçı, digərləri isə fərqli düşüncəni boğan tiran hesab edir. 1980-ci illərin ortalarında Q.Romanovun Sov.İKP MK-nın baş katibi postuna gətiriləcəyi proqnozlaşdırılırdı və Mixail Qorbaçovun əsas rəqibi kimi nəzərdən keçirilirdi.

Partiya karyerasının başlanğıcı

Qriqori Romanov 1923-cü ildə Novqorod vilayətində çoxuşaqlı kəndli ailəsində anadan olub. Böyük Vətən müharibəsi illərində Leninqrad və Baltikyanı cəbhələrində döyüşüb. Müharibədən sonra Leninqradda gəmiqayırma üzrə ali məktəb bitirib. Onun partiya karyerası 50-ci illərin ortalarında əvvəlcə Qriqori Vasilyeviçin işlədiyi Jdanov adına Leninqraddakı zavodda başlayıb, sonra Romanovun partiya xətti ilə daha yüksək vəzifələrə irəli çəkilməsinə başlanıb.

Qriqori Romanovun Leninqradda işlədiyi illər

1970-ci ilin sentyabrından 1983-cü ilin iyununa qədər Q.Romanov Leninqrad Şəhər Partiya Komitəsinə rəhbərlik etməklə Neva sahilindəki şəhərin faktiki rəhbəri olub.

İnşaatçı və zülmkar

Bu 13 il Romanovun bioqrafiyasının açarıdır. Bu illər üçün ona həm təşəkkür edir, həm də lənətləyirlər. Qriqori Vasilyeviçin rəhbərliyi altında Leninqrad metropoliteninin 19 stansiyası, nəhəng idman-mədəniyyət kompleksi, Gənclik sarayı və çoxlu digər müəssisələr açılıb... Bu dövrdə Leninqrad zavodlarında dünyada məşhur olan Kirovets traktoru (K-700, bir çox təsərrüfatlarda bu gün də uğurla istifadə olunur), Şimal qütbünə ilk çatan “Arktika” buzqıran gəmisi istehsal edilir. Romanovun rəhbərliyi altında Leninqrad Atom Elektrik Stansiyası işə salınır.

Qriqori Romanovu eyni zamanda mədəniyyət və incəsənət nümayəndələrinə qarşı repressiyalarla, xüsusən də dissidentlərin təqibi ilə əlaqələndirirlər. Leninqrad televiziyasının və G.Tovstonoqov adına Böyük Dram Teatrının bəzi xadimləri Romanovun mənfi təsirindən danışırlar. Bununla belə, 1981-ci ildən Leninqradda Leninqrad rok klubu fəaliyyət göstərməyə başlayır və 1975-ci ildən SSRİ-də “Orfey və Evridika” adlı ilk rok operası tamaşaya qoyulur.

Romanovun bütün bu təqiblərə münasibətinə birmənalı qiymət verilmir. Skeptiklər iddia edirlər ki, Qriqori Vasilyeviç onu göstərmək istədikləri qədər monstr deyildi. Xüsusilə, Leninqrad Vilayət Komitəsinin birinci katibi ilə dəfələrlə görüşən akademik Dmitri Lixaçev Romanovun mürəkkəb xarakterinə baxmayaraq, onunla “razılığa gəlməyin mümkün olduğunu” deyir. Romanovun dövründə bir çox Leninqrad dissidenti həqiqətən də həbs edilib və ya qovulub (ölkədən, SSRİ-nin ucqar rayonlarına). Ancaq bu işlə DTK-nın “profilli” Beşinci idarəsi məşğul olurdu və bu prosesi sürətləndirmək üçün vilayət komitəsinin birinci katibinin çətin ki, şəxsi müdaxiləsi tələb olunsun.

Buna baxmayaraq ölümündən bir müddət əvvəl Qriqori Vasilyeviç “Rossiyskaya qazeta”ya müsahibəsində yazıçı Daniil Qraninin yaradıcılığını bəyənmədiyini açıq şəkildə etiraf etmişdi – yazıçının Leninqradın blokadasına münasibəti Romanovun xoşuna gəlməyib. D.Qraninin və A.Adamoviçin məşhur “Blokada kitabı” Leninqradda yalnız Q.Romanov 1984-cü ildə işləmək üçün Moskvaya köçəndən sonra çap olunub.

Neva sahilindəki şəhərin “xozeyin”in demonizasiyasına Qriqori Romanovun guya qızının toyunda istifadə etdiyi “Ermitajdan gələn servislər” hekayəsi kömək edir. Belə ki, XX əsrin səksəninci illərində Leninqradda və bütün SSRİ-də vilayət partiya komitəsinin birinci katibinin Tavriçeski sarayında qızına toy mərasimi təşkil etdiyi, hətta Ermitajdan toy üçün imperatriçə II Yeketerina dövrünə aid yemək servislərini icarəyə götürdüyü, bu qabların bir qisminin toy zmanı sındığı, qalanın yarısının isə qaytarılmadığı xəbəri yayılır. SSRİ-nin hər yerindən qəzəbli kommunistlər Mərkəzi Komitəyə məktublar göndərirlər.

Sensasiyalı məqalə Almaniyanın “Spiegel” jurnalında dərc edilir. Sonra isə “Azadlıq” radiosu və “Amerikanın səsi” məqaləni təkrarlayır. Toyla bağlı söz-söhbət bir-iki saat ərzində partlayır. Romanov xarici dedi-qodulara münasibət bildirməyi yanlış hesab edərək susur. “Vesti” xəbər verir ki, sovet qəzetləri bu barədə yazmayıblar.

“Andropov mənə belə dedi: fikir vermə. Biz bilirik ki, belə bir şey olmayıb. Mən deyirəm: Yuri Vladimiroviç, amma siz belə bir şey olmadığı haqda informasiya verə bilərsiniz! – Yaxşı, biz bununla məşğul olacağıq”, - Romanov sonralar xatırlayırdı.

Beləliklə, bu fakt hələ sovet dövründə xarici mətbuatda geniş müzakirə olunsa da heç vaxt təsdiqini tapmır. SSRİ dağıldıqdan sonra bu faktın sovet dövlətinin rəhbəri postunda əsas rəqibi Qriqori Romanovu diskreditasiya etmək (gözdən, nüfuzdan salmaq) üçün ABŞ xüsusi xidmət orqanlarının əməliyyatı olduğu məlum olur.

Sov.İKP Mərkəzi Komitəsinin katibi

Romanov 1983-cü ildə Moskvada işləməyə başlayır. O, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə daxil olur, bu vəzifədə hərbi-sənaye kompleksinə rəhbərlik edir. Məmurun sözlərinə görə, onu Moskvaya hələ Brejnev “çəkmək” istəyib.

Bəzi tarixçi-politoloqlar hesab edirlər ki, nisbətən gənc və perspektivli siyasətçi Romanov hipotetik olaraq dərhal üç baş katibi – Brejnev, Andropov və Çernenkonu əvəz edə bilərdi: onun hər dəfə belə imkanı olurdu. Amma daha güclü rəqiblərin və onların tərəfdarlarının partiyadaxili intriqaları nəticəsində Romanov hər dəfə bunu nail ola bilmirdi.

Romanov niyə baş katib ola bilmədi?

Qriqori Romanov Qorbaçovun antipodu hesab olunur. Rusiya Federasiyası Kommunist Partiyasının rəhbərləri hələ də hesab edirlər ki, əgər Konstantin Çernenko vəfat etdikdən sonra Qorbaçovun yerinə Qriqori Vasilyeviç Sov.İKP MK-nın baş katibi olsaydı SSRİ-nin dağlması baş verməyəcəkdi: Qərb amansız Romanovdan qorxaraq Qorbaçova “stavka” edir.

1985-ci il martın 10-da günortadan sonra K.Çernenkonun şəxsi həkimi baş katibin ölümünü qeydə alır. Ən yüksək partiya vəzifəsində Qorbaçova alternativ olan ən perspektivli namizədlərdən bəziləri həmin an Moskvadan uzaqda idi. Xüsusilə, Romanov Litvanın qərb hissəsində yerləşən Palanqa şəhərində məzuniyyətdə idi. Çernenkonun ölümü barədə ona 10 saatdan sonra məlumat verilir. Klaypedadan uçmaq imkanlarına malik ola bilməyən Romanov Vilnüsə gedir və yalnız ertəsi gün Mixail Qorbaçovun baş katib seçilməsi faktı ilə üz-üzə qalmaq üçün Moskvaya gəlir. Qriqori Vasilyeviç Moskvaya uçanda hər şey artıq onsuz həll olunmuşdu. Romanovun komandasına Mərkəzi Komitənin daha 2 üzvü – Vladimir Şerbitski və Dinmühəmməd Kunayev daxil idi. Onlar hər ikisi Qorbaçov tərəfdarlarının günahı ucbatından Mərkəzi Komitənin plenumunun həlledici iclasında iştirak etməyiblər. Belə ki, Şerbitski ABŞ-da işgüzar səfərdə idi. Kunayevə isə Konstantin Ustinoviçin ölümü ilə bağlı vaxtında məlumat verilməyib. Nəticədə plenumda partiyanın mərkəzi komitəsinin baş katibi vəzifəsinə yalnız bir nəfərin – Mixail Qorbaçovun namizədliyinin müzakirəsi aparılıb. Əslində, Mixail Sergeyeviç K.Çernenkonun xəstəliyi zamanı onun səlahiyyətlərinin icraçısı kimi fəaliyyət göstərirdi.

Hakimiyyətə gələn Qorbaçov Q.Romanovu demək olar ki, dərhal tutduğu vəzifədən azad edərək, onu 62 yaşında “sağlamlığına görə” təqaüdə göndərir.

Qriqori Romanov ömrünün sonuna kimi kommunist əqidəsinə sadiq qalır. Sov.İKP ləğv edildikdən sonra o, Rusiya Federasiyası Kommunist Partiyasına üzv olur, partiyanın Mərkəzi Komitəsinin Mərkəzi Məşvərət Şurasının üzvü idi. O, ömrünün son günlərinə qədər Kommunist Partiyasına üzvlük haqqı ödəyib.

Ömrünün son illərində Romanov öz yay bağ evində (daça) yaşayır, memuar yazmır. 2008-ci il fevralın 7-də 85 illik yubileyini qeyd edir. Qriqori Romanov bundan 4 ay sonra - iyunun 3-də vəfat edir.Teleqraf.com