Mixail Qusman “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Mixail Qusman “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

19 Fevral 2020 16:38
Bəyəndim (0) Bəyənmədim (1)

Məşhur jurnalist, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, teleaparıcı, tərcüməçi, həmyerlimiz Mixail Qusman “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub.

Oxuməni.az xəbər verir ki, mükafatlandırma mərasimi Moskva şəhərində keçirilib. Mükafatı Mixail Qusmana “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təqdim edib.

“Jurnalın redaksiya şurası və kollektivi adından “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın qüruru” qızıl ordenini sizə təqdim etmək mənə nəsib olub”, – deyə bildirən baş redaktor onu da əlavə edib ki, Mixail Qusman bütün dünyada, xüsusilə də Azərbaycanda böyük populyarlığa malik şəxsiyyətdir.

Görüşdə Mixail Qusmanın Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişləndirilməsi, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında səmimi dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə böyük töhfə verdiyini vurğulayan Emil Nəsirli yüksək peşəkarlığa malik görkəmli şəxsiyyət olan Mixail Qusmana gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. “Rusiyanın potensialı və Azərbaycanın səyləri iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, genişlənməsi və dərinləşməsi üçün böyük imkanlar açır”, – deyə baş redaktor əlavə edib.

Mixail Qusman, öz növbəsində, ona təqdim olunan mükafata görə “Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə təşəkkürünü bildirib, Rusiya və Azərbaycan arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdə münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Tədbirdə iştirak edən “Azərbaycanım” beynəlxalq jurnalının fəxri üzvü, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramov çıxış edərək bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxplanlıdır və ikitərəfli, regional və beynəlxalq səviyyədə dinamik surətdə inkişaf edir. Vaqif Bayramov onu da əlavə edib ki, Mixail Qusman uzun illər ərzində özünün tükənməz enerjisi, məqsədyönlülüyü, geniş erudisiyası və yüksək peşəkarlığı ilə hamını təəccübləndirir.

Mixail Qusman siyasi elmlər doktoru, bir çox televiziya filmləri və proqramlarının ssenari müəllifi, o cümlədən məşhur “Hakimiyyət formulu” televiziya proqramının müəllifi və aparıcısıdır. Bundan başqa, Mixail Qusman irimiqyaslı beynəlxalq layihələrə rəhbərlik edir: 1999-cu ildən Dünya Rus Mətbuatı Assosiasiyasının (DRMA) məsul katibi, 2000-ci ilin may ayından Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının baş katibidir. Mixail Qusman həmçinin Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) vitse-prezidenti, informasiya və kommunikasiya məsələləri üzrə UNESCO-nun Hökumətlərarası Komitəsində Rusiya nümayəndəsi olub.

Oxuməni.az