Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

22 Sentyabr 2020 16:03
Bəyəndim (2) Bəyənmədim (0)


Zamiq Mehdisoy

SƏRXOŞ OLURAM

Hər gün ömrümə qar yağır,
Hər gün bir az qış oluram.
Duyğularım buz bağlayır,
Soyuqdan sərxoş oluram.

Qaçıram, məndən qaçıram,
Sevincdən, qəmdən qaçıram.
Mən bu aləmdən qaçıram,
Ruhuma yoldaş oluram.

Eşqə doğru səfər etsəm,
Gedib də vüsala yetsəm.
Qayıdıram, hara getsəm,
Yenə mənə tuş oluram.

DUYMADILAR

Mən qor idim, ocaq oldum,
Alışmağa qoymadılar.
Ömrümü yedilər, dostum,
Amma yenə doymadılar.

Daş atdılar yoluma, daş,
Gah dost vurdu, gah da qardaş.
Libasımı görüb nimdaş,
Məni adam saymadılar.

Səhv üstünə səhv etdilər,
Qan içdilər, kef etdilər.
Ruhumacan məhv etdilər,
Nəsimitək soymadılar.

Dərdlilər hamısı təkdi,
Kimə nə, kim nələr çəkdi.
Yerdəkilər nalə çəkdi,
Göydəkilər duymadılar.

VƏTƏN

Yerdə itin, səmada
quşun sağ olsun, vətən!
Yazın, yayın, payızın,
Qışın sağ olsun, vətən!

Solmasın bağçan-bağın,
Sönməsin od-ocağın.
Torpağın, suyun, dağın,
Daşın sağ olsun, vətən!

Çətin günlərin üçün,
Ağlaram için-için.
Dünya döndükcə için-
Dışın sağ olsun, vətən!

Sipər olum bağrında,
Mənə gəlsin ağrın da.
Can verərəmuğrunda,
Başınsağolsun, vətən!

Tahirə Cabirqızı

ANALI DÜNYAM

Kaş ki, bircə gecə körpə olaydım,
Anam həzin-həzin layla çalaydı.
Yataydım qoynunda mən mışıl-mışıl,
Özü də mənimlə yuxusun alaydı.

Kaş ki, bircə anlıq uşaq olaydım,
Analı dünyama geri dönəydim.
Doyunca qoxulayıb onu öpəydim,
Üstümdə telinin qoxusu qalaydı.

Tahirə yüz ölçür, yüz də ki, biçir,
Hamısı ün yetməz, əl çatmaz fikir.
Könlümdən duyğulu arzular keçir,
Əlimdə əlinin qoxusu qalaydı.

YOXDUR

Elə yorulmuşam, elə durmuşam,
Bundan o tərəfə ötəsi yoxdur.
Bahar solğun keçdi, payız yetişdi,
Payızı qovsam da gedəsi yoxdur.

Heç bahar görmədim həyatımda mən,
Nə boyda, nə rəngdə olur görəsən?
Bir girsən qəlbimə baxıb deyərsən,
Ürək qan ağlayır, susası yoxdur.

Tanrı yazısına nə deyim artıq,
Gözləyə-gözləyə ən sona çatdıq.
Bir qismət göndərdi, o da yarımçıq.
Çəkib qılıncını durası yoxdur.

AĞLAMASIN QARABAĞIM NEYLƏSİN

Dağlarını duman alıb, cən alıb,
Ağlamasın Qarabağım neyləsin.
Yaşıl bağlar susuz qalıb, saralıb,
Ağlamasın Qarabağım neyləsin.

Övladları əsir düşüb, xəbər yox,
Torpaqları yesir olub, əsər yox.
Bəs nə zaman qayıdacaq bilən yox?
Ağlamasın Qarabağım neyləsin.

Şəhid olmuş igidi çox,mərdi çox,
Viran qalmış şəhəri çox,kəndi çox.
Ümidsizdi, yalanlara qarnı tox,
Ağlamasın Qarabağım neyləsin.

Dərdi böyük,qan ağlayır ürəyi,
Bu günündə xalqı onun gərəyi.
Düşməninin dizindədir çörəyi,
Ağlamasın Qarabağım neyləsin.

Düşmənləri azadlığın alıbdı,
Məğrur-məğrur boylanaraq baxıbdı.
Nə zamandır gözü yolda qalıbdı,
Ağlamasın Qarabağım neyləsin.

Oxuməni.az