Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

28 Sentyabr 2020 12:11
Bəyəndim (2) Bəyənmədim (0)

Qasım Quluzadə

SƏNDƏN XƏBƏRSİZ

Mən çox yol qət etdim, çox yer dolaşdım,

Döndüyüm, gəldiyim yer dəyişmədi.

Nə qədər palçığa, kirə də batsa,

Dəyəri itmədi, zər dəyişmədi.

Ömür də dəyişdi, gün də dəyişdi,

Mən də dəyişildim məndən xəbərsiz.

Təkcə dəyişməyən məhəbbət oldu,

Sən də dəyişildin səndən xəbərsiz.

Əvvəl əlçatmazım, sonrasa yarım,

Sonra xoşbəxtliyim, qismətim oldun.

Fələk ayrı saldı yollarımızı,

Mənim itirdiyim zinətim oldun.

BİR ƏCƏL GƏZİRƏM

Qoy hər kəs incisin bu sözlərimdən,

Artıq mən hamını yaxşı tanıdım.

Anladım o saxta sevgiləri də,

Çətin ki, bir daha geri qayıdım.

Bir əcəl gəzirəm, dostdan vəfalı,

Bitirsin ömrü də, kədər, qəmi də.

Ölümdən də betər ömür yaşadım,

Cənnəti də gördüm, cəhənnəmi də.

VƏTƏN

Vətənin başını dumanlar almış,

Çoxaldı qəlbimdə azarım, ağrım.

Sinəmdə sancılar var olub yenə,

Vətən bombalanır, yoxsa ki, bağrım?!

Ey vətən, kaş sənin daşın olaydım,

Sənin torpağına, daşına qurban.

Uğrunda balasın qurban verənin,

Gözündən hər düşən yaşına qurban!

Ey doğma vətənim, ey ana yurdum,

Kaş sənə layiq bir övlad olaydım.

Düşmənin tökdüyü qanların bir gün,

Qisasın canımla, qanla alaydım.

Gəlin birlik olaq, bir yumruq olaq,

Verək canımızı uğrunda qurban.

Düşməni məhv edək, iradəmizlə,

Fəxr eyləsin vətənim Azərbaycan.

Rəfiqə İsaqqızı

SİLƏ BİLMİRƏM

Sevgilim, xətanı görsəm də sənin,

Niyə incimirəm, bilə bilmirəm.

Qısqanclıq hissləri boğsa da məni,

Səni ürəyimdən silə bilmirəm.

Sən mənim canımsan, can yoldaşımsan,

Dərdimi böləcək, tək sirdaşımsan.

Çox da ki, gah sevinc, gah göz yaşımsan,

Kimsəylə dərdimi bölə bilmirəm.

Bizi ayırmasın zaman, bu dünya,

Qansız, rəhimsizdir yaman bu dünya.

Aman, bu zəmanə, aman bu dünya,

Niyə yaradılıb belə, bilmirəm.

ÜSTƏ

Unutdun bir anda əhdi, peymanı,

Sinəmdə dağ çəkdin, sən dağım üstə.

Üstünə şeh düşən qızıl gül kimi,

Axdı göz yaşlarım yanağım üstə.

Həsrət küləyində dolaşdı telim,

Bir sığal çəkmədin darağım üstə.

Ürəksiz yazsan da pozmadı əlim,

Titrədi misralar varağın üstə.

Tər bir qönçə idim, eşqi göylərdə,

Qəm mələyi qondu budağım üstə.

Yandı bu eşqimə pərvanələr də,

Çırpınıb, can verdi çırağım üstə.

GÖRÜM MƏN SƏNİ

Küsdürdün bu qəlbi, almağa çalış,

Gəl, tut əllərimdən, ümid ver, barış.

Aya, ulduzlara bu eşqdən danış,

Canımda, qanımda görüm mən səni.

Al mənim ətrimi güldən, çiçəkdən,

Qayıt sev, əzizlə məni ürəkdən.

Barı, salam göndər əsən küləkdən,

Gəl, gəl, hər anımda görüm mən səni.

Qoydun gözü yolda, qulağı səsdə,

Eşqinlə, sevginlə gəl məni səslə.

Ay zalım, bircə yol çıx yolum üstə,

Hər zaman yanımda görüm mən səni!

Oxuməni.az