Doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir

Doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir

11 Noyabr 2020 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 27-dən başlayaraq Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr ermənilərin yaratdıqları “məğlubedilməz ordu” mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olundu.

Oxuməni.az xəbər verir ki, bu sözləri Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədova bildirib.

Xalq artisti daha sonra deyib: “Mən öz sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Qarabağ mənim ürəyimdədir. Belə bir tarixi gün yaşadığıma görə çox sevinirəm. Hələ qədim dövrlərdən bu torpaqlar mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Şuşanı Azərbaycanın konservatoriyası adlandırırdılar. Bu da səbəbsiz deyildi. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun daim can atdığı möhtəşəm bir ünvan idi. Şükürlər olsun ki, ən böyük arzumuz, gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hisslərini bizə bəxş etdiyinə görə şanlı Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik”.

Rüfət