ABŞ Suriyadan qoşunlarını çıxarmaq planı hazırlayır
Pentaqon Amerika qoşunlarının Suriyadan çıxarılması planını hazırlayır. ABŞ prezidenti Donald Tramp və onun administrasiyası bununla maraqlanıb. Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın mənbələrinə görə, ABŞ kontingentinin 30, 60 və ya 90 gün ərzində Suriyadan tamamilə çıxarıla biləcəyi gözlənilir.
Yanvar ayında İsrailin dövlətə məxsus “Kan” teleradioşirkəti bildirmişdi ki, Ağ Ev rəsmiləri israilli həmkarlarına Trampın qoşunları Suriyadan çıxarmaq niyyəti barədə xəbərdarlıq ediblər. Daha sonra ABŞ prezidentinin özü də bu planları təsdiqləyərək bəyan etdi ki, Vaşinqton regiondakı vəziyyətə müdaxilə etmək niyyətində deyil.
Hazırda Suriyada ondan çox Amerika hərbi bazası var və burada iki minə yaxın hərbçi yerləşdirilib. Pentaqonun rəsmi məlumatlarına görə, onların əsas vəzifəsi “İslam dövləti” terror qruplaşması ilə mübarizə aparmaqdır. Eyni zamanda, “NBC News” mənbələri xəbərdarlıq edir ki, Amerika qoşunlarının çıxarılması Suriya kürdlərini dəstəkdən məhrum edəcək və 9000 radikal islamçı da daxil olmaqla 50 minə yaxın məhbusun saxlandığı həbsxana və düşərgələri təhdid edəcək.
Tramp artıq birinci prezidentlik dövründə Suriyadan qoşunları çıxarmaq cəhdləri edib. 2019-cu ildə o,“İslam dövləti” məhbuslarına görə məsuliyyəti Türkiyənin daşıyacağını bildirərək kontingentin tamamilə çıxarılmasını əmr edib. Tramp daha sonra bu prosesin tez getməyəcəyini və Amerika qüvvələrinin yekun çıxarılmasının yalnız cihadçıların darmadağın edildikdən sonra mümkün olacağını açıqlayıb.
Almaz Həsənli