
Tramp avqustun 8-dək Ukrayna və Rusiya arasında sülh sazişinin əldə olunmasını istəyir
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin avqustun 8-dək bitməsini istəyir.
Reuters xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsini icra edən Con Kelli bildirib.
Kelli BMT Təhlükəsizlik Şurasının 15 üzvü qarşısında çıxışı zamanı vurğulayıb ki, həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Onun fikrincə, artıq sülh sazişinin vaxtı çatıb.
"Prezident Tramp açıq şəkildə bildirib ki, bu, avqustun 8-dək edilməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır", - Kelli bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də bildirib ki, Rusiya 50 gün ərzində Ukrayna ilə müharibəni dayandırmasa, ölkəsi 100% ikinci dərəcəli tariflər tətbiq edəcək. Onlar Moskvanın əsas ticarət tərəfdaşlarına təsir edəcək.
Artıq iyulun 29-da Amerika lideri vurğulayıb ki, 50 gün gözləməyin mənası yoxdur. Buna görə də onun müddəti 10 günə endirilir. Bundan sonra Rusiyanı ikinci dərəcəli tariflər və ikinci dərəcəli sanksiyalar gözləyir.
Əziz Mustafa