
ABŞ prezidenti özünün ehtimal olunan varisinin adını açıqlayıb
ABŞ prezidenti Donald Tramp indiki vitse-prezident J.D.Vens-in prezident kimi onun varisi ola biləcəyini istisna etməyib.
Bu barədə Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bəyan edib.
"Aydındır ki, bu barədə indi danışmaq tezdir, lakin Vens əla iş görür və yəqin ki, bu məqamda favorit olacaq", - Tramp bildirib.
Prezident həmçinin təsdiqləyib ki, Vens dövlət katibi Marko Rubio ilə “bu və ya digər formada” birləşə bilər.
Xatırladaq ki, dövlət katibi Marko Rubio əvvəllər ABŞ-ın hazırkı vitse-prezidenti J.D.Vens-in 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi ola biləcəyini istisna etmirdi.
Eyni zamanda Tramp bildirib ki, o, üçüncü dəfə ABŞ-da ən yüksək siyasi vəzifəyə namizəd olmağı planlaşdırmır.
KİV-in məlumatına görə, Tramp administrasiyası artıq yeni dövlət başçısı vəzifəsinə potensial namizədləri nəzərdən keçirir.
Əziz MUSTAFA