
Efiopiya mülki təyyarələri Rusiyaya icarəyə verməkdən imtina edib
Rusiya hakimiyyətinin tədricən sıradan çıxan yerli aviadaşıyıcıların donanmasını doldurmaq üçün mülki təyyarələrin lizinqinə dair Efiopiya ilə danışıqlar aparmaq cəhdi uğursuzluqla başa çatıb.
“Addis Insight”-ın məlumatına görə, Efiopiya Mülki Aviasiya İdarəsi (ECAA) Rusiya nümayəndə heyətinə iyulun sonunda danışıqlar üçün Əddis-Əbəbəyə uçmağa icazə verməkdən imtina edib.
ECAA rəsmiləri milli aviadaşıyıcı “Ethiopian Airlines”-a təyyarələri icarəyə götürmək üçün göstəriş vermək səlahiyyətlərinin olmadığını söyləyib.
“Ethiopian Airlines Group”unun baş direktoru Mesfin Tasev bildirib ki, şirkət Rusiya ilə mümkün təyyarə icarəsi ilə bağlı heç bir əsaslı danışıqlar aparmayıb və belə bir razılaşma əldə olunmayıb.
"Rusiya ABŞ-ın sanksiyaları altındadır və “Ethiopian Airlines” ABŞ-la güclü əməliyyat və kommersiya əlaqələrinə malikdir. Biz beynəlxalq qaydalara və ABŞ qanunlarına uyğun fəaliyyət göstəririk və bu qanunları pozmaq riskini götürməyə hazır deyilik", - deyə Tasev bildirib. O əlavə edib ki, “Ethiopian Airlines” özü sərnişin və yük hava nəqliyyatına artan tələbatı ödəmək üçün əlavə təyyarələr axtarır.
“Ch-aviation”-ın məlumatına görə, Efiopiya ilə mümkün "təyyarələrin yaş lizinqi" - yəni Rusiya daxili daşınmaları üçün ekipajlarla icarəyə verilməsi ilə bağlı danışıqları Rusiyanın Efiopiyadakı ticarət nümayəndəsi Yaroslav Tarasyuk aparıb. Ötən il Rusiya rəsmiləri Qazaxıstan, Qırğızıstan, Küveyt və Qətər hakimiyyətlərinə də analoji tələblər ünvanlayıblar. Lakin konkret razılaşmalar barədə heç bir məlumat verilməyib.
Müharibə başlayandan sonra nəinki almaq, həm də yerli mülki aviasiya donanmasının üçdə ikisini və sərnişin daşımalarının 90%-ni təmin edən “Boeing” və “Airbus”-u təmir etmək imkanını itirmiş Rusiya şirkətləri üçün yeni təyyarələrə təcili ehtiyac var.
Almaz Həsənli