Litva Belarus məhsullarının Kalininqrada tranzitinə qadağa qoyub
Litva Prezidenti Gitanas Nauseda Belarus məhsullarının Litva ərazisindən Kalininqrad vilayətinə tranzitinə qadağa qoyulması barədə göstəriş verib.
"Litva üzərindən tranzitin qadağan edilməsi ciddi təsir vasitəsidir. Söhbət Kalininqrad vilayətinə daşınan Rusiya yüklərindən deyil, Belarusda istehsal olunan məhsullardan gedir", - deyə o, jurnalistlərə bildirib.
Nausėda həmçinin Belarusa qarşı sanksiyaların genişləndirilməsi ehtimalını da dilə gətirib. "AB məhdudiyyətləri kalium gübrələrinə tətbiq olunur, lakin bu, azot gübrələrinə aid deyil", - deyə o bildirib.
Qərb sanksiyaları Belarus kalium sənayesinə tətbiq olunur. Litva bu sanksiyaların ən fəal tərəfdarlarından biri olaraq qalır. Litva tərəfinin təşəbbüsü ilə Belarus yüklərinin tranziti, xüsusən də kalium gübrələrinin tranziti tamamilə dayandırılıb.
Litva əvvəllər Belarusla sərhəddə iki keçid məntəqəsini yenidən bağlamışdı. Litvanın Baş naziri İnqa Ruqinienė ölkə hakimiyyətinin Belarusla sərhədin tamamilə bağlanması üçün bir plan hazırladığını və bu planı oktyabrın 29-da qəbul etməyi planlaşdırdığını açıqladı. Onun sözlərinə görə, qaçaqmal tütün daşıyan hava şarlarının Litva ərazisinə daxil olması ilə bağlı davamlı insidentlər və Belarus hakimiyyətinin bu fəaliyyətlərin qarşısını almaq üçün tədbirlər görmək istəməməsi sərhədin tamamilə bağlanmasını zəruri edir.
Əziz Mustafa



















































































