Jaguar Land Rover şirkəti təxminən 4000 iş yerini ixtisar edəcək

Jaguar Land Rover şirkəti təxminən 4000 iş yerini ixtisar edəcək

13:22
Bəyəndim (1) Bəyənmədim (0)

Jaguar Land Rover (JLR) şirkəti xərclərin azaldılması və əməliyyat səmərəliliyinin artırılması planı çərçivəsində növbəti iki il ərzində dünya üzrə təxminən 4000 iş yerinin ixtisar ediləcəyini açıqlayıb. Bu, şirkətin işçi heyətinin təxminən 10 faizini təşkil edir. Oxuməni.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Britaniyanın lüks avtomobil istehsalçısı sentyabrın 7-də açıqlayıb ki, işçi sayının azaldılması proqramı əsasən könüllü xarakter daşıyacaq və həm sıravi əməkdaşları, həm də rəhbər vəzifələri əhatə edəcək. Birbaşa istehsalatda çalışan işçilərin ixtisarlardan təsirlənməyəcəyi gözlənilir.

Hazırda Jaguar Land Rover şirkətində dünya üzrə təxminən 43 min nəfər çalışır. Onların təxminən 34 mini Böyük Britaniyadadır. Reutersin məlumatına görə, təxminən 26 min ştatlı və idarəetmə işçisi ixtisar proqramının təsirinə məruz qala bilər. Lakin şirkət hər bir müəssisə üzrə konkret rəqəmləri açıqlamayıb.

İş yerlərinin ixtisarı növbəti iki il ərzində təxminən 1,7 milyard funt sterlinq, yaxud 2,3 milyard dollar qənaət etməyə yönəlmiş proqramın bir hissəsidir. JLR həmçinin zərərsiz fəaliyyət səviyyəsinə çatmaq üçün tələb olunan illik istehsal həcmini təxminən 300 min avtomobilə qədər azaltmağa çalışır. Bununla şirkət daimi xərcləri azaltmağı və bazardakı dalğalanmalara daha çevik uyğunlaşmağı hədəfləyir.

JLR-nin baş icraçı direktoru P.B. Bəlaci bildirib ki, avtomobil sənayesi yeni texnologiyaların, artan rəqabətin və geosiyasi qeyri-sabitliyin təsiri altında sürətlə dəyişir. Hazırda JLR böyük Hindistan avtomobil qrupu olan Tata Motors şirkətinə məxsusdur.

2026-cı ilin martında başa çatan maliyyə ilində şirkətin fəaliyyəti ciddi təzyiqlərlə üzləşib. Gəlir 20,9 faiz azalaraq təxminən 31 milyard dollara düşüb. Vergidən əvvəlki mənfəət və xüsusi maddələr nəzərə alınmadan hesablanan göstərici isə təxminən 3,38 milyard dollardan cəmi 19 milyon dollara qədər kəskin azalıb.

JLR bildirib ki, şirkətin fəaliyyət nəticələrinə ABŞ-ın idxal rüsumları, Çində tələbin zəifləməsi və 2025-ci ildə baş vermiş kiberhücumun nəticələri təsir göstərib. Kiberhücum istehsalın bir neçə həftə ərzində müvəqqəti dayandırılmasına səbəb olmuşdu. İl ərzində pərakəndə satışlar 17,8 faiz azalaraq təxminən 352 300 avtomobil təşkil edib.

İşçi heyətinin ixtisarına baxmayaraq, JLR elektromobillər və yeni texnologiyalar sahəsində investisiya planlarını davam etdirir. Şirkət qarşıdakı 12 ay ərzində beş yeni model təqdim etməyi, növbəti beş il ərzində isə elektrikləşdirmə, rəqəmsal texnologiyalar və istehsal güclərinin modernləşdirilməsinə təxminən 20,3–24,3 milyard dollar xərcləməyi planlaşdırır.

Almaz Həsənli