Parlamentin çoxpartiyalılıq sistemi əsasında qurulması mövcud demokratiyadan xəbər verir

Parlamentin çoxpartiyalılıq sistemi əsasında qurulması mövcud demokratiyadan xəbər verir

22 Mart 2020 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən nitqində bir sıra mühüm məqamlara toxundu. Həmin məqamlardan biri də hökumətin qanunverici orqanı olan Milli Məclislə bağlı idi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, parlament seçkiləri ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyinin ifadəsi idi. Milli Məclisin yeni tərkibdə fəaliyyətə başlaması ölkəmizdə aparılan siyasi islahatların davamı kimi yenilənməni təcəssüm etdirir. İnanırıq ki, xalqın iradəsi əsasında seçilən parlament yeni tərkibdə, yeni sistem əsasında Azərbaycanın xoş gələcəyi üçün uğurla fəaliyyət göstərəcək. Parlamentin çoxpartiyalılıq sistemi əsasında qurulması mövcud demokratiyadan xəbər verir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri siyasi ekspert, politoloq Elxan Ələsgərov AZƏRTAC-a açıqlamasında söyləyib.
Politoloqun sözlərinə görə, 9 fevral parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapıb və Azərbaycanın yeni siyasi sisteminin konfiqurasiyası yaradılıb. Çoxpartiyalılıq prinsipi əsasında qurulan Milli Məclisin rəhbərliyində ilk dəfə olaraq müxalifət nümayəndələrinin yer alması da diqqət çəkib.

Parlamentin yeni tərkibdə formalaşmasının gələcəkdə ölkəmizin uğurlu inkişafına müsbət təsir edəcəyini vurğulayan Elxan Ələsgərov deyib: “Aparıcı partiya olan Yeni Azərbaycan Partiyası (YAP) böyük çoxluqla Milli Məclisdə təmsil olundu. Milli Məclisin buraxılması və seçkilərin keçirilməsi təklifi də məhz lider partiya tərıfindən irəli sürülmüşdü. Aparılan islahatlar, görülən tədbirlər ölkəmizin xoş gələcəyi və vətəndaşların məmnunluğuna xidmət edir. Düşünürəm ki, dövlətin başçısına inanan və etibar edən Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı”.

Siyasi ekspert Azərbaycan Prezidentinin təbrik nitqində ölkəmizin beynəlxalq münasibətləri məsələsinə toxunduğunu da xatırladıb. Bildirib ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlər təqdirəlayiqdir. Azərbaycan Prezidenti digər ölkə rəhbərləri ilə ikitərəfli münasibətlər çərçivəsində görüşlərdə hər zaman Azərbaycanın mövqeyini ortaya qoyaraq, Ermənistanın işğalçı siyasətini ifşa edib. “Dövlətin başçısı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində fəallıq göstərərək iştirak və çıxış etdiyi beynəlxalq tədbirlər zamanı siyasi tribunalardan xalqımızın haqq səsini ucaldıb, Ermənistanın təcavüzkar siyasətini ifşa edib. Biz bunu dünya siyasətçilərinin toplandığı Münxen Təhlükəsizlik Konfransında bir daha aydın gördük. Prezident İlham Əliyev xalqımızın və dünyanın gözü qarşısında növbəti dəfə Azərbaycanın haqlı olduğunu sübut etdi. Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirən dövlətin başçısının inamlı və tarixi faktlara əsaslanan çıxışı Ermənistanın Baş nazirini çaş-baş saldı və onların işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında bir daha sübut etmiş oldu. Bununla Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vuruldu. Prezident İlham Əliyev məntiqi çıxışı ilə bütün dünyaya və ermənilərə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü həm xalqımızın iradəsini əks etdirir, həm də beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur”,- deyə politoloq vurğulayıb.

Siyasi ekspert Münxen Təhlükəsizlik Konfransında bütün dünyanın Qarabağın tarixən Azərbaycan torpağı olduğuna bir daha inandığını bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda gücümüzü birləşdirməli və dövlətimizin ətrafında sıx birləşməliyik.

Oxuməni.az