Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

7 Oktyabr 2021 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Qasım Quliyev

HƏSRƏTİN GÖZÜMDƏN AXIR

Bu qəmə sən məni düçar etmisən,

İndi taleyimdən şikayət edim?

Qalmışam ömrümün yol ayrıcında,

Sən söylə, bəs hansı yol ilə gedim?

***

O hala düşmüşəm, ağlım da çaşıb,

Şərab şüşəsində gəzirəm səni.

Mən odlar yurdunun, qəm şəhərinin,

Zülmət küçəsində gəzirəm səni.

***

Həsrətin hər gecə gözümdən axır,

Danışa bilmirəm bunu heç kəsə.

Mənimtək ümidim Allaha qalıb,

Allah da bu işə qarışmır nəsə.

***

Baxma həsrətindən gileylənirəm,

Mən səni sevməkdən yorulmamışam.

Gedişin dağıdıb könül mülkümü,

Çox zaman ötsə də, qurulmamışam.

QƏLBİMİ SIXMISAN MƏNİM

Mənə yaraşmazdı kobud danışmaq,

Aradan pərdəni sən itirmisən.

Mən, mən olmaqdan çıxmışam daha,

Bax, məni bu hala sən gətirmisən.

***

Daha istəmərəm sən kimi yarı,

Dünyamı başıma yıxmısan mənim.

Mən səni könlümə sultan bilmişəm,

Sən isə qəlbimi sıxmısan mənim.

***

Bəs eylər bu qədər dərd-qubar mənə,

Bundan artığına dözə bilmərəm.

Ağzım yanıb deyə, bir dəfə süddən,

Sevgidən söz düşsə, susar, dinmərəm.

***

Könlüm üsyan edir, fəryad qoparır,

Mən isə susuram, susuram elə.

Artıq tənhalığa sirdaş olmuşam,

Məni tək buraxmır tənhalıq belə.

ÇARƏSİZ EŞQ

Mən yalnış limana yan alan gəmi,

Sən isə dalğalı, tufanlı dəniz.

Dörd yanı su ikən yanan gəmitək,

Çarənin içində qaldıq çarəsiz.

***

Fələk ayrısa da, biz ayrılmadıq,

Keçdik neçə-neçə yol ayrıcından.

Sonda məğlub olduq taleyə biz də,

Keçirdi sevgini öz qılıncından.

***

Sən bimar şairin eşq kitabında,

Yaza bilmədiyi şeiri idin.

Sən bu dünyanın ən gözəl qızı,

Mən isə yalançı şairi idim.

Vəfa Qafarova

SAXLA QƏLBİNDƏ MƏNİ

İndi heç bilmirəm niyə gəlmişdin,

İtirib, batırdın dərdində məni.

Saçımın telindən dırnağımacan,

Sən sevə bilirdin hər dində məni.

***

Xoşbəxt olmusansa, get indi adam,

Mən gedə bilmədim nədəndi,adam?

Unutmaq çətindi,çətindi, adam,

Unuda bilmədim,gördün də məni.

***

Kaş heç gəlməyəydin, vaxtında mənə,

Naxış yazılmadı baxtında mənə.

Yer verə bilmədin taxtında mənə,

Ölüm, cavan saxla, qəlbində məni.

YOXDUR

Əcəlin gözündə hamı eynidir,

Qocası, cavanı, qarısı yoxdur.

Ömrün qürubunda tapdığım eşqin,

Yarısın yaşadım, yarısı yoxdur.

***

Hər qopan ülfətin yeri yaradır,

Hər ölən sevda bir ciyərparadır.

Dünya gözlərimdə ağla-qaradır,

Yaşılı, mavisi, sarısı yoxdur.

***

Birtəhər günümü günə calayır,

Yolumu min səmtə, yönə calayır.

Görürəm qəlbimdən qan damcılayır,

Açıram, baxıram, yarası yoxdur.

***

Xar oldum çiçəklə, gül arasında,

Can verdim dodaqla, dil arasında.

Yalandan deyərsən el arasında,

Bu qızın mənimlə arası yoxdur.

VƏSİYYƏT

Gözümdən bir uşaq baxır,

Adamlar, ona qıymayın.

Hər ağ telim bir qara gün,

Hesabı çaşar, saymayın.

***

Keçdiyim yoldan keçməyin,

Məni yadlardan seçməyin.

Ürəyimdən su içməyin,

Mən duyduğumu duymayın.

***

Gün gələr, mən də gedərəm,

Çəkdiyim əzab qədərəm.

Mən özüm daşdan betərəm,

Mənə baş daşı qoymayın!

Hazırladı: İsa Rəvan