Poeziya buketi, nəğmə çələngi
Azər Xanlarov
SƏNİN XATİRƏLƏRİN
Rəng alır, rəng verir xatirələrin,
Hərdən ocaq olur, hərdən qış olur.
Sağ ol səni, pay etdiyin qəhərin,
Ürəyimə yaxşı yır-yığış olur.
***
Əliyalın saçlarımda küləklər əsir,
Dilindən düşmürsən göz yaşlarımın.
Dünya boyda yoxluğuna olmuşam əsir,
Kaş yasın görəsən baxışlarımın.
***
Səndən qazandığım tənhalıqları,
Hələ də özümə xərclik edirəm.
Qayıt, gəlişinlə gətir baharı,
Payız-payız unudulub gedirəm.
YOLLAR
Yollar da dar ağacıdır,
Səni ayağından asır.
Addım-addım acıdır,
Ömrünün ağından asır.
***
Ürək də döyür sinəni,
Əlindən ala bilmirsən.
Özündən çıxıb gedirsən,
Özündə qala bilmirsən.
***
Arzular gözündə qalır,
Taleyinə qarışır.
Sənlə böyüyür, qocalır,
Əli, üzü qırışır...
YORULURUQ
Qanımızı içə-içə,
Günahlardan keçə-keçə.
Qaça-qaça, köçə-köçə,
Yoruluruq.
***
Aldığımız nəfəsdə,
Qaldığımız qəfəsdə.
Oluruq zəlil, xəstə,
Boğuluruq.
***
Ağrıları saya-saya,
Günləri yığırıq aya.
Bu dünyadan,
Doğuluruq.
Arzu Göytürk
SƏN YADIMA DÜŞMÜSƏN
Dünya çirkinləsib, düşüb gözümdən,
Üzüyün üstündən qaş düşən kimi.
Sən mənim yadıma elə düşmüsən,
Dəlinin yadına daş düşən kimi.
***
İnadkarsan deyib, qınama məni,
Atdığım tikəni yeyə bilmirəm.
Ağlıma düşmənsən, ürəyimə dost,
Qarğıya bilmirəm, söyə bilmirəm.
***
Sən mənim başımın bəlasısanmı,
Tapmadınmı bir ev, eşik özünə?
Sənin yurdun yoxdur, yuvan yoxdumu?
Etmisən qəlbimi beşik özünə.
Sən mənim yadıma elə düşmüsən,
Dəlinin yadına daş düşən kimi.
BƏXTLƏ QUMAR OYNAYIRAM
“Qumarbazam”, doğulandan,
Bəxtlə qumar oynayıram.
Dünyanın “qır qazanında”,
Neçə ildi qaynayıram.
***
Gözlərimi ağladıram,
Əllərimə sil deyirəm.
Məni ölümlə qorxutma,
Əcələ gəl-gəl deyirəm!
***
Dostların ömür evinə,
Öz ömrümdən daş qoyaram.
Mənə ürək verənlərin,
Mən yolunda baş qoyaram.
***
Güvənimi qıranlara,
Qəlbimdə məzar qazıram.
Dərd gələndə ağlamıram,
Dərdə də, şeir yazıram.
***
“Qumarbazam”, doğulandan,
Bəxtlə qumar oynayıram.
Dünyanın “qır qazanında”,
Neçə ildi qaynayıram.
HƏLƏ DƏ YAŞAYIRAM
Qarışqayam, çiynimdə,
Dağları daşıyıram.
Canım div canı imiş,
Hələ də yaşayıram.
***
Dünyaya gözümdə yaş,
Ovcumda qəm gəlmişəm.
Bəxt verən xəsis olub,
Taleyi kəm gəlmişəm.
***
İynə ilə yer qazıb,
Zülümlə ev qurmuşam.
Mən sönən ocağımda,
Arzumu yandırmışam.
***
Məni yaradan rəssam,
Gözlərimə qəm çəkib.
Dərdi mürəkkəb edib,
Bəxtimə qələm çəkib.
***
Qarışqayam, çiynimdə,
Dağları daşıyıram.
Canım div canı imiş,
Hələ də yaşayıram.
Hazırladı: Isa Ravan